AMEA-nın Biofizika İnstitutunda 2021/2022-ci tədris ilində “Bioloji sistemlər fizikası”, “Biofizika” və “Genetika” ixtisasları üzrə ali təhsilin magistratura pilləsinə qəbul olan magistrantlarla görüş keçirilib.
Karantin rejiminin tələblərinə uyğun və sosial məsafə gözlənilməklə təşkil olunan görüşdə çıxış edən müəssisənin baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov yeni qəbul olunan magistrantları təbrik edib, onlara təhsildə uğurlar arzulayıb. O bildirib ki, elmimizin gələcəyi olan magistrantlardan dərin biliyə yiyələnmək, faydalı təcrübə qazanmaq tələb edilir və bununla əlaqədar institutda elmlə məşğul olmaları üçün hər cür şərait yaradılıb. O.Qasımov hazırda Fransanın Monpelye Universitetində doktorantura təhsilini uğurla davam etdirən institutun tələbəsindən söhbət açaraq magistrantları təhsildə fəal olmağa, xarici dili yüksək səviyyədə mənimsəməyə səsləyib.
Görüşdən sonra magistrantlar institutun laboratoriyalarını gəzib, buradakı müasir avadanlıqlarla aparılan tədqiqat işləri barədə məlumatlandırılıblar.