AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TUBİTAK) arasında imzalanmış Əməkdaşlıq protokolu üzrə Müştərək Proqram çərçivəsində Botanika İnstitutunda “Azərbaycanın iqtisadi əhəmiyyətli bəzi yabanı meyvələri (Pruneae və Maleae tribaları Rosaceae) üzərində biomüxtəliflik və molekulyar araşdırmalar” layihəsi yerinə yetirilir. Layihənin Azərbaycan tərəfindən rəhbəri b.ü.f.d. dosent Pərvanə Qaraxani, Türkiyə tərəfindən isə professor Ali Dönməzdir. Layihə çərçivəsində Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları b.ü.f.d. dosent Tünzalə Qasımova, b.ü.f.d. dosent Arzu Hüseynova, doktorant Şəhla Mirzəyeva, layihə iştirakçısı Tural Cavadzadə və Hacəttəpə Universitetinin (Ankara) professoru A.Dönməzin iştirakı ilə Şimal-Qərb (Qax, Zaqatala, İlisu) və Cənub (Astara, Lənkəran, Lerik) rayonlarında geniş ekspedisiyalar həyata keçirilib.
Ekspedisiya zamanı tədqiq olunan ərazilərdə relyef, bitkiliyində dominant növlər müəyyən olunub və İnstitutun Herbari fondunda saxlanılan az sayda nüsxələri olan növlərə aid nümunələr götürülüb. Layihə çərçivəsində Rosaceae fəsiləsinə aid Pyrus (5 növ), Prunus (2 növ), Cerasus (2 növ), Crataegus (23 növ), Cotaneaster(1 növ), Cydonia (2 növ), Mespilus (1 növ), Sorbus(2 növ), Malus(2 növ), Amygdalus (1 növ) cinslərinə daxil olan 41 növə aid 150-dən çox herbari nümunələri toplanılıb. Toplanılan növlərdən molekulyar-filogenetik tədqiqatlar aparmaq uçun nümunələr gotürülərək A.Dönməz tərəfindən Hacəttəpə Universitetində analizləri həyata keçiriləcək.