AMEA-nın Milli Azərbaycan Tarixi Muzeyində fəaliyyət göstərən “Gənc muzeyşünaslar və muzeysevərlər klubu”nun rəhbəri Sahibə Ələkbərova “Tarix yazan qəhrəmanlar” layihəsi çərçivəsində klub üzvləri ilə birgə Vətən müharibəsi şəhidi Tural Abdullayevin ailəsini ziyarət ediblər.
Layihə iştirakçıları T.Abdulayevin ailəsi ilə görüş zamanı onun haqqında olan xatirələri dinləyib və şəhidin evində xatirə əşyaları nümayiş edilən xüsusi otaq ilə tanış olublar.
Tural Abdullayev hərbi xidməti 2008-ci ildə Salyanda Xüsusi Təyinatlı Qüvvələrdə keçib. 2010-cu ildən isə Zaqatalada DİN XTQ-də əməliyyat qrupunda çalışıb. 12 il Xüsusi Təyinatlı Qüvvələrdə Vətənə qüsursuz xidmət edən Tural hərbi xidmət keçdiyi zaman və çalışdığı müddətlərdə nümunəvi xidmətinə görə çoxlu sayda medal və Fəxri Fərmanlarla təltif edilib. 2008-ci ildə hərbi xidmətdə nümunəvi xidmətinə görə hərbi hissə komandirinin əmri ilə baş çavuş Abdullayev Tural III dərəcəli döş nişanı ilə təltif edilib. Həmçinin 2013-cü ildə Azərbaycan Respublikasının “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının yaranmasının 20 illiyi” yubiley medalı ilə, 2018-ci ilin dekabrında AVMVİB-nin (Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi) əsasnaməsi ilə təsdiq edilmiş “Milli Ordu - 100” medalı ilə, 2020-ci ilin iyun ayında Azərbaycan Respublikasının Prezidentinin adından “Qüsursuz xidmətə görə” III dərəcəli medalı ilə təltif edilib.
“Boz qurd” ləqəbli döyüşçü Vətən Müharibəsi zamanı Murovdoğ yüksəkliyinin alınmasında və Kəlbəcər tərəfində keçirilən əməliyyatlarda iştirak edib. T.Abdullayev 30 sentyabr 2020-ci il tarixində ən yüksək zirvəyə şəhidlik məqamına ucalıb.
Qeyd edək ki, T.Abdullayevə məxsus əşyaların bir hissəsi Tarix Muzeyinin Vətən müharibəsi fondunda qorunur, digər hissəsi isə muzeydə “Anadır arzulara hər zaman Qarabağ” sərgisində nümayiş etdirilir.