Arxiv
Mərkəzi Nəbatat Bağında Azərbaycanda tropik və subtropik flora bitkilərinin tədqiqi ilə məşğul olan yeganə laboratoriya fəaliyyət göstərir
18.10.2021

AMEA-nın Mərkəzi Nəbatat Bağının Tropik və subtropik bitkilər laboratoriyası Azərbaycanda tropik və subtropik flora bitkilərinin örtülü şəraitdə toplanması, öyrənilməsi və təcrübədə tətbiqi ilə məşğul olan yeganə laboratoriyadır.

Bu barədə Bağın Tropik və subtropik bitkilər laboratoriyasının müdiri, biologiya elmləri doktoru Şakir Qasımov məlumat verib.

Onun sözlərinə görə, laboratoriyada tropik və subtropik bitkilərin Azərbaycanda introduksiya edilməsi və onların hərtərfli tədqiqi ilə bağlı elmi tədqiqatlar aparılır. Laboratoriyanın oranjereyasında dünya florasının tropik və subtropik bitkilərinin qiymətli dekorativ növlərinin kolleksiyası toplanılır, onların aqrotexnikası və istifadə imkanları tədqiq edilir.

“Burada yaşayış, ictimai və istehsalat binalarının daxili interyerinin yaşıllaşdırılmasında istifadə oluna biləcək bitkilər becərilir”, - deyə qeyd edən Ş.Qasımov yaşıllaşdırılmada istifadə olunan bu həmişəyaşıl tropik və subtropik bitkilərinin dekorativ xüsusiyyətlərlə yanaşı, müsbət emosional və sağlamlaşdırıcı təsir bağışlayaraq insanların əmək fəaliyyətini yüksəltdiyini vurğulayıb.