Arxiv
AMEA əməkdaşları Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə iştirak ediblər
21.10.2021

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonuna səfərləri çərçivəsində rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.

Görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun baş direktoru, iqtisad elmləri doktoru, professor Nazim İmanov, institutun Postkonflikt Ərazilərin Bərpası Elmi Mərkəzinin rəhbəri, AMEA-nın müxbir üzvü Akif Musayev, müəssisənin şöbə müdiri, iqtisad elmləri doktoru, professor Tərbiz Əliyev və Tarix İnstitutunun şöbə müdiri, tarix elmləri doktoru, dosent Tofiq Nəcəfli də iştirak ediblər. 

Tədbirdə AMEA-nın müxbir üzvü Akif Musayev çıxış edərək bu gün Füzuli əhalisinin sevinc içində olduğunu söyləyib: “Cənab Prezident, mən elm adamıyam. Keçən əsrin 90-cı illərində sovet dönəmi Azərbaycan Respublikasının iqtisadi inkişafını təhlil etmişdim və bu dövrü üç mərhələyə bölmüşdüm - 1969-cu ilə qədər olan dövr, 1969-1983-cü illər və 1983-cü ildən sonrakı dövr. Sovet respublikalarının iqtisadi inkişafı ilə Azərbaycanın o dövrdəki iqtisadi inkişafını müqayisəli şəkildə təhlil edərək nəticələri ilə bağlı seriya məqalələrlə çıxış etmişdim. Həmin məqalələr “Azərbaycan iqtisadiyyatında Heydər Əliyev fenomeni” adlanırdı. Mən 1969-1983-cü illəri əhatə edən iqtisadi inkişafı Azərbaycan iqtisadiyyatının qızıl dövrü adlandırmışdım”.

A.Musayev bu gün Prezident İlham Əliyevin rəhbərliyilə Azərbaycan dövlətçiliyi və ordusunun özünün qızıl dövrünü yaşadığını bildirib. Qeyd edib ki, xalqımızın dəstəyi, Prezident İlham Əliyevin Ali Baş Komandanlığı ilə müzəffər Azərbaycan ordusu torpaqlarımızı işğaldan azad edib: “Azərbaycan oğulları torpaqlarımızın azad olunması naminə şəhid oldular. Biz şəhidlərin ruhu qarşısında baş əyirik, qazilərimizə Allahdan şəfa diləyirik. Cənab Prezident, Sizin Ali Baş Komandanlığınızla Azərbaycan ordusu zəka müharibəsi apardı və müharibəni qələbə ilə başa çatdırdı. Bu, dünya hərb tarixində yeni bir səhifə açdı. Eyni zamanda, Siz indiyə qədər Azərbaycana qarşı haqsız olaraq formalaşmış ədalətsizliyə son qoyaraq informasiya müharibəsində qələbə qazandınız. Həmçinin diplomatiya sahəsində qalib gəldiniz və erməni faşizminin havadarlarının nə dərəcədə ədalətsiz mövqe tutduğunu dünyaya bəyan etdiniz. Müharibədən, qələbədən bir ilə yaxın vaxt keçib. Bu müddətdə burada görülən işlərin miqyası, intensivliyi, sürəti onu göstərir ki, çox yaxın vaxtlarda bu strateji hədəfə də Sizin ali rəhbərliyinizlə nail olunacaq, əhali öz doğma yurdlarına qayıdacaq. Nəhayət Qarabağ ruhu, Qarabağ mədəniyyəti Qarabağ torpağına qayıdacaq”.

Natiq ölkə başçısının tapşırığına əsasən, repatriasiya potensialının proqnozlaşdırılması və effektiv təşkili ilə bağlı araşdırmaların aparıldığını, ilkin nəticələrə görə, bütün əhalimizin çox böyük əksəriyyətinin qayıtmaq əzmində olduğunu və bu prosesi səbirlə gözlədiklərini vurğulayıb: “Əmin ola bilərsiniz ki, bu insanlar Qarabağda aparılan quruculuq işlərində yaxından iştirak edərək Azərbaycanın sosial-iqtisadi inkişafına öz töhfələrini verəcəklər. Cənab Prezident, Füzuli əhalisi həmişə dövlətçiliyin, öz Prezidentinin yanında olub, bundan sonra da yanında olacaq. Füzuli əhalisi də bu quruculuq prosesində yaxından iştirak edərək öz töhfəsini vermək arzusundadır və bu, belə də olacaq. Mən kiçik bir kənddə - Qorqan kəndində anadan olmuşam və o, təmas xəttində idi. Mən ildə bir dəfə yaz vaxtı övladlarımla, nəvələrimlə gəlib o kəndə binoklla baxırdım. Belə fikirləşirdim ki, nə vaxtsa o torpağa qayıtmaq və anadan olduğum o kəndi görmək mənə qismət olacaqmı? Bir dəqiqə də olsun, ümidimizi itirməmişdik. Amma mən yaşda olan insanların bir nigarançılığı vardı ki, birdən ömür vəfa verməz o torpaqları görüm. Cənab Prezident, çox sağ olun. Sizə minnətdarıq. Azərbaycan dövlətinə, Azərbaycan xalqına, Azərbaycan ordusuna, Azərbaycan əsgərinə, Azərbaycan zabitinə minnətdarıq ki, bu sevinci bizə yaşatdı”.

Görüş çərçivəsində xatirə şəkilləri də çəkdirilib.