Arxiv
MBBİ-nin əməkdaşları Qobustan Bölgə Təcrübə Stansiyasında olublar
12.11.2021

AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun (MBBİ) elmi işlər üzrə direktor müavini, b.ü.f.d. Ələmdar Məmmədov, Bioadaptasiya laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Samirə Rüstəmova, elmi işçisi Lalə Aydınlı və kiçik elmi işçisi Səidə Zülfüqarova, Karbonun fotosintetik assimilyasiyasının enzimologiyası laboratoriyasının aparıcı elmi işçisi, b.ü.f.d. Ulduzə Qurbanova Kənd Təsərrüfatı Nazirliyinin Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Qobustan Bölgə Təcrübə Stansiyasında (BTS) elmi ezamiyyətdə olublar.

Ezamiyyənin əsas məqsədi elmi-tədqiqat işləri üçün əkin şəraitində müxtəlif sort buğda toxumlarının əkilməsi olub. Ümumilikdə 67 yerli, 41 Rusiya mənşəli, 9 Türkiyə mənşəli, 18 Avropa mənşəli genotip və Genetik Ehtiyatlar İnstitutunun Genbankından əldə edilmiş 65 ədəd növmüxtəlifliyinə aid toxum əkilib. Paralel olaraq, toxumlar laboratoriyada süni iqlim kameralarında da əkilərək tədqiq ediləcək.