AMEA Botanika İnstitutunun Etnobotanika şöbəsinin əməkdaşları b.ü.f.d. Nuri Mövsümova, b.ü.f.d. Gülnarə Şirəliyeva, Samirə Xudaverdiyeva, Həsrət Məmmədova və Ləman Süleymanovanın iştirakı ilə Bərdə və Tərtər rayonlarında ekspedisiya təşkil olunub. Ekspedisiyanın məqsədi tematik plana uyğun olaraq Qarabağın aran ərazilərində yaşayan əhali arasında etnobotaniki sorğular aparmaq, bəzi bitki növlərinin arealını müəyyənləşdirmək və faydalı xüsusiyyətlərinə görə (bitki və meyvələrin müalicəvi xüsusiyyətləri, təbabətdə istifadəsi, texniki bitkilər və s.) istifadə yollarını araşdırımaq olub. Sözügedən ərazilər floristik cəhətdən tədqiq edilib, faydalı növlərin fitosenoloji vəziyyəti öyrənilib, lokalitetləri dəqiqləşdirilib və populyasiyaların vəziyyəti qiymətləndirilib. Ekspedisiya zamanı müxtəlif azsaylı xalqlara mənsub yerli əhali arasında müsahibələr aparılıb və məlum olub ki, ən çox xatırlanan bitkilər kəkotu, yarpız, gicitkan, moruq, yolotu, yemişan, itburnu, cincilim, tərə, əvəlikdir. Həmçinin, ərazinin çəmən, bozqır, yarım-səhra bitki qruplaşmaları araşdırılıb və otlaq sahələrində yem bitki ehtiyatları hesablanılıb. Tədqiq olunan ərazilərdən toplanan 10 fəsiləyə aid 35 bitki nümunəsi Herbari fonduna təhvil verilib.