Botanika İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib. Onlayn keçirilən iclasda institutun Herbari şöbəsi və Ekosistemlərin fitososiologiyası laboratoriyasının illik hesabatları dinlənilib.
İclasda Ekosistemlərin fitososiologiyası laboratoriyasının müdiri b.e.d. Naibə Mehdiyeva tərəfindən “Böyük Qafqazın şərq və qərb yamaclarında meşə ekosistemlərinin qiymətləndirilməsi, biomüxtəlifliyinin müasir vəziyyəti, dəyişilməsi, indikatorları və davamlılığının öyrənilməsi” və Herbari şöbəsinin müdiri, b.ü.f.d. Pərvanə Qaraxani tərəfindən “Qarabağ florasına aid herbari nümunələrinin təftişi, məlumat bazasının və elektron kataloqlarının yaradılması” mövzusunda 2021-ci il üçün illik hesabatı təqdim olunub. Məruzəçilər il ərzində aparılan elmi tədqiqat işlərinin nəticələri, onların elmi və praktiki əhəmiyyəti və beynəlxalq indeksli jurnallarda öz əksini tapmış məqalələr barədə məlumat veriblər. Həmçinin, beynəlxalq elmi əlaqələr və qrantlar, müvafiq elektron məlumat bazaları, ekspedisiyalar, əməkdaşların nəşriyyat fəaliyyəti və onların əsərlərinə olan istinadlar, kadr hazırlığı haqqında məlumatlar Elmi Şura üzvlərinin diqqətinə çatdırılıb. Məruzələr ətrafında geniş müzakirələr aparılıb, yaranan suallar cavablandırılıb.
Sonda hesabatların yekdilliklə qəbul olunması barədə qərar qəbul edilib.