Arxiv
AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Mərkəzi Nəbatat Bağında aparılan abadlıq-quruculuq işlərinin icra vəziyyəti ilə tanış olub
18.11.2021

Noyabrın 17-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Ramiz Mehdiyev Akademiyanın Mərkəzi Nəbatat Bağında həyata keçirilən abadlıq-quruculuq işləri ilə tanış olub.

Mərkəzi Nəbatat Bağının baş direktoru vəzifəsini icra edən Natiq Allahverdiyev bağda görülən işlər baradə AMEA rəhbərliyinə məlumat verib. N.Allahverdiyev qeyd edib ki, ilkin mərhələdə bağın 41 hektarlıq ərazisinin 3 hektarlıq hissəsində kol-kos və qurumuş ağaclardan təmizlənmə işləri həyata keçirilib. Həmçinin Mərkəzi Nəbatat Bağının 1-ci sahəsinin fitodizayn cəhətdən zənginləşdirilməsi üçün müəssisədə yaradılmış Elmi komissiyanın iclasında alimlərin birgə rəyi əsasında müəyyənləşdirilmiş 10 minə yaxın  müxtəlif yeni növ dekorativ bitkilərdən - Şərq tuyası, limon Şərq tuyası, ardıc, başınağacı, sidr, evenus, piramidal həmişəyaşıl sərv və meyvə ağaclarından limon, alma, armud, albalı, alça əkilib, suvarma işləri aparılıb, zəif inkişaf etmiş tinglər yenisi ilə əvəzlənib. N.Allahverdiyevin sözlərinə görə, əkilmiş yeni ağac növlərinin aqrotexniki qaydalara uyğun olaraq becərilməsi və saxlanılması üçün lazımi münbit şərait yaradılıb.

Bundan əlavə, yenidənqurma işləri çərçivəsində ekskursiyaya açıq sahələrin yolboyu hissələrində beton döşəmə plitələrinin salınması prosesinə başlanılıb. Eyni zamanda bağın ekskursiya sahələrinin işıqlandırma sisteminin quraşdırılması prosesi həyata keçirilib, naqillər salınıb və işlərin son mərhələsində işıq dirəkləri quraşdırılıb.

Daha sonra müəssisənin Tropik və subtropik bitkilər laboratoriyasının müdiri, biologiya elmləri doktoru Şakir Qasımov AMEA rəhbərliyini №2 oranjereyasında görülən və nəzərdə tutulan işlər haqqında məlumatlandırıb. Alim bildirib ki, hazırda laboratoriyanın №2 oranjereyasında yeni dekorativ bitki növlərinin əkilməsi və kolleksiyanın zənginləşdirilməsi üzrə praktiki işlər həyata keçirilir.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev yenidənqurma, abadlıq və quruculuq işlərini yüksək qiymətləndirərək öz tapşırıq və tövsiyələrini verib.

Qeyd edək ki, abadlıq-quruculuq işləri ilə tanışlıqda AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva da iştirak edib.