Türkiyənin Dokuz Eylül Universiteti (DEU) və AMEA-nın birgə təşkilatçılığı ilə keçirilən 5 elm sahəsini (biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri) əhatə edən ikitərəfli beynəlxalq onlayn elmi seminar başa çatıb.
Elmi seminarın sədrləri DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alın və AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovadır. Fəxri sədrləri isə DEU-nun rektoru, professor Nüket Hotar və AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylidir.
“Zoom” platforması üzərindən baş tutan tədbirin biologiya, kimya, fizika, riyaziyyat, kompüter elmləri sahələrinin hər biri üzrə 2 məruzə AMEA-dan, 2 məruzə DEU-dan olmaqla 4 məruzə, ümumilikdə 20 məruzə dinlənilib.
Seminarın bağlanış mərasimində çıxış edən DEU-nun Fənn fakültəsinin dekanı, professor Aylin Alın səmərəli keçən elmi seminara görə məruzəçilərə təşəkkür edib, tədbirdə iştirak edən hər kəsə iştirakçı sertifikatının təqdim olunacağını diqqətə çatdırıb.
Tədbirin birgə əməkdaşlıq istiqamətində həyata keçirilən ilk addım olduğunu deyən A.Alın bu əlaqələrin bundan sonra da davam edəcəyinə əminliyini bildirib.
AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova tədbirdə 5 elm sahəsi üzrə aparılan müzakirələrin həm hər iki dövlətin inkişafı, həm də dünya elminə mühüm töhfələr verilməsində birgə fəaliyyətlərin səmərəliliyi baxımından vacibliyini bildirib. O, elmi seminarın gələcəkdə müştərək tədqiqat isiqamətləri üzrə elmi əməkdaşlığın qurulmasında mühüm əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Vitse-prezident gənc tədqiqatçıların təcrübə və biliklərinin artırılması üçün Dokuz Eylül Universiteti ilə kadr mübadiləsinin həyata keçirilməsinin vacibliyinə toxunub, universitet ilə AMEA arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsi üçün DEU nümayəndələrini Azərbaycana dəvət edib.
Sonda seminar iştirakçıları ilə xatirə fotosu çəkilib.