Ölkəmizdə səfərdə olan Rusiya Elmlər Akademiyasının (REA) prezidenti, akademik Aleksandr Sergeyevin rəhbərlik etdiyi nümayəndə heyəti AMEA-nın Dendrologiya İnstitutunda görülən işlərlə tanış olublar.
İnstitutun baş direktoru, AMEA-nın müxbir üzvü Tofiq Məmmədov qonaqlara elmi müəssisənin tarixi, əldə etdiyi nailiyyətlər, aparılan elmi-tədqiqat işləri, burada becərilən endemik və dünyanın müxtəlif ölkələrindən gətirilmiş ekzotik bitkilər, elmi nəşrlər və kitablar barədə məlumat verib.
İnstitutda fəaliyyət göstərən Subtropik bitkilər introduksiyası, Sənaye əhəmiyyətli bitkilər, Toxumçuluq və herbari, Bitki ekologiyası, Dendroxronologiya və Landşaft memarlığı laboratoriyaları ilə tanış olan qonaqlara burada aparılan tədqiqatlar, eləcə də müasir tələblərə cavab verən avadanlıqlarla bağlı məlumat verilib. Bağla tanışlıq zamanı Azərbaycan florasında nadir və nəsli kəsilməkdə olan bitkilərin toplandığı “Qafqaz florası” kolleksiyası REA nümayəndə heyətinin böyük marağına səbəb olub.
Qonaqlarla keçirilən görüş zamanı Rusiyanın müvafiq elmi qurumları ilə əməkdaşlıq əlaqələrinin qurulması, birgə tədqiqatların aparılması məsələləri müzakirə edilib.
Qonaqlar daha sonra institutun ərazisi ilə tanış olublar.