Arxiv
Genetik Ehtiyatlar İnstitutunun 5 seleksiya nailiyyətinə patent verilib
06.12.2021

AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun Elmi şurasının növbəti iclası keçirilib.

İclas müəssisənin cari ildə 5 seleksiya nailiyyətinin müəllifləri ilə görüşünə və onlara AR Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Dövlət Reyestrində qeydə alınmış patentlərin təqdimatına həsr olunub.

Tədbirdə şuranın sədri, AMEA-nın müxbir üzvü Zeynal Əkpərov çıxış edərək seleksiya nailiyyətlərinin 17 müəllifini təbrik edib. Bildirib ki, “Nur” payızlıq arpa sortu, “Almaz” yumşaq buğda sortu, “Leyli” yumşaq buğda sortu, “Alyans” bərk buğda sortu və “Fatimə” nar sortu seleksiya nailiyyətinin müəllifləri öz gərgin və işgüzar səmərəli elmi tədqiqatlarının nəticələrinin istehsalata tətbiqinə vəsiqə alıblar. Onun sözlərinə görə, əldə olunan nailiyyətlər ölkə əhalisinin kənd təsərrüfatı ərzaq məhsullarına tələbatının ödənilməsinə və gələcəkdə ölkənin idxaldan asılılığının aradan qaldırılmasına zəmin yaradacaq.

Z.Əkpərov Genetik Ehtiyatlar İnstitutu ilə ABŞ-ın “RVR International” LLC şirkəti arasında birgə fəaliyyətə dair imzalanmış əməkdaşlıq müqaviləsi haqqında da məlumat verib. O, Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında gedən bərpa və quruculuq işlərinə töhfə vermək baxımından, bu müqavilənin çox mühüm əhəmiyyəti olduğunu söyləyib. Alim, həmçinin sözügedən razılaşmanın Genetik Ehtiyatlar İnstitutunun Qarabağ Elmi Tədqiqat Bazasında yerli  nar sortu və formalarının toplanmasında, eləcə də xarici ölkələrdən sort və formaların Azərbaycana introduksiya edilməsində və elmi əsaslarla öyrənilməsində mühüm rol oynayacağını vurğulayıb.

Sonra Elmi şuranın üzvü, Beynəlxalq və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, b.ü.f.d. Vəli Qarayev çıxış edərək patent müəlliflərini təbrik edib.

Sonda bir sıra cari məsələlər müzakirə olunub.