AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin Elmi şurasının və Dendrologiya İnstitutunun Elmi şurası ilə birgə iclası keçirilib.
Tədbir Dendrologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları haqqında hesabata həsr olunub.
İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova 12 dekabr tarixinin Ulu Öndər Heydər Əliyevin anım günü olduğunu vurğulayıb, müstəqil Azərbaycanın memarının dövlətimiz və xalqımız qarşısında xidmətlərindən bəhs edib.
Daha sonra yığıncaqda Dendrologiya İnstitutunun 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunları barədə hesabat məruzəsi dinlənilib. Hesabatı institutun icraçı direktoru b.ü.f.d., dos. Samirə Bağırova təqdim edib.
Məruzəçi ilk olaraq cari ildə Azərbaycan Respublikası Prezidentinin Fərman və sərəncamlarının, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarının, dövlət proqramları ilə əlaqədar tapşırıqların icrası haqqında məlumat verib. Samirə Bağırova qeyd edib ki, Dendrologiya İnstitutunda təbii və mədəni şəraitdə becərilən bitkilərin assortimentinin genişləndirilməsi və biomüxtəlifliyinin qorunması üzrə tədqiqatlar aparılır. Bu məqsədlə cari ildə Böyük və Kiçik Qafqaz ərazilərində monitorinqlər aparılıb, Azərbaycan dendroflorasının müasir vəziyyəti öyrənilib, bitkilərin taksonomik tərkibi araşdırılıb. Ekosistemin bərpası, nadir növlərin repatriasiyası, dendroiqlim və dendroxronoloji təhlillər, tarixi təbiət abidələrinin inventarlaşdırılaraq sertifikatlaşdırılması, müvafiq ərazilərin dendroflorasında olan növlərin landşaft memarlığında istifadəsi, genefondun bərpası istiqamətində elmi tədqiqat işləri aparılıb. Bitkilərin ekoloji mühit amillərinə uyğunlaşması və davamlılıq dərəcəsinin təyini, xəstəliktörədicilər və zərərverici həşəratlarla yoluxma vəziyyətinin öyrənilməsi, onlara qarşı inteqrir mübarizə üsüllarının hazırlanması üzrə tədqiqatlar davam etdirilir.
Məruzəçi qeyd edib ki, 2021-ci ildə AMEA-nın Dendrologiya İnstitutunun 8 laboratoriyasında 5 elmlər və 13 fəlsəfə doktoru tərəfindən aparılan elmi tədqiqat işlərini əks etdirən 31 nəticə alınıb. Onlardan bir neçəsi ən mühüm nəticə kimi seçilib.
2021-ci ildə institutun əməkdaşları tərəfindən 17-si yüksək reytinqli jurnallarda olmaqla, ümumilikdə 94 məqalə və tezis, eləcə də 2 kitab (“Abşeron florasının taksonomik spektri”, “Ürək-damar xəstəliklərinin müalicəsində istifadə olunan şəfalı bitkilər”) dərc edilib. Dendrologiya İnstitutunun əməkdaşları beynəlxalq və yerli konfranslarda iştirak etməklə çoxsaylı setifikatlar alıblar.
Qarabağın biomüxtəlifliyinin öyrənilməsi məqsədilə institutun rəhbərliyi və əməkdaşları tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri ilə birlikdə Zəngilan rayonunun Bəsitçay Dövlət Təbiət Qoruğunda monitorinqlər aparılıb, qoruğun ərazisində bitki taksonlarının təbii arealı araşdırılıb, ərazinin ekoloji vəziyyəti, antropogen təsirə məruzqalma səviyyəsi öyrənilib, 27 növ ağac, 18 kol və 11 ot bitkisi qeydə alınıb. Bunlardan 5 növ “Qırmızı Kitab”a daxildir.
İnstitutda elmin, təhsilin və iqtisadiyyatın inteqrasiyası məqsədilə ali və orta ixtisas məktəbləri ilə birgə mütəmadi olaraq ətraf mühitin mühafizəsi istiqamətində ekoloji, metodik layihələr, ağacəkmə aksiyaları həyata keçirilir. Cari ildə sözügedən müəssisədə Zəfər Günü ilə əlaqədar gənc rəssamların foto və əl işlərindən ibarət “Xarıbülbül” mövzusunda respublika rəsm müsabiqəsi təşkil olunub. 2021-ci ildə Dendrologiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin təşkilatçılığı ilə Zəfər TV internet kanalı fəaliyyətə başlayıb, silsilə çəkilişlər aparılıb. İnstitutun rəsmi veb-saytı dendrologiya.az daim yenilənir.
Dendrologiya İnstitutunda kadr hazırlığı davam etdirilib. İnstitutun 2 əməkdaşının dissertasiya işi AMEA Botanika İnstitutunun ED1.26 Dissertasiya Şurasında müzakirədən keçib.
Dendroloji parkın canlı kolleksiya fondunun qorunub saxlanılması, zənginləşdirilməsi və çoxaldılması istiqamətində elmi tədqiqat işləri davam etdirilir.
Sonra məruzəçi iclasın sədrinin və iştirakçıların çoxsaylı suallarını cavablandırıb. Hesabat ətrafında geniş müzakirələr aparılıb, çıxış edənlər institutun birillik fəaliyyəti və əldə olunan nəticələri qənaətbəxş hesab ediblər.
Akademik İradə Hüseynova müzakirələrə yekun vuraraq, Dendrologiya İnstitutunun inkişafda olduğunu qeyd edib, növbəti dövr üçün tövsiyə və tapşırıqlarını verib.
Yekunda müəssisənin fəaliyyəti müsbət qiymətləndirilərək illik hesabatın qəbul olunmasına dair qərar qəbul olunub.