Arxiv
UNESCO akademik Şahin Mustafayevə təşəkkür məktubu ünvanlayıb
10.12.2021

UNESCO Baş direktorunun Sosial və humanitar sektor üzrə məsul müavini xanım Qabriela Ramos AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri, UNESCO-nun İpək Yolları Proqramı üzrə Azərbaycanın əlaqələndirici şəxsi, akademik Şahin Mustafayevə məktub ünvanlayıb. Məktubda Ş.Mustafayevə UNESCO-nun Gənclər üçün İpək Yolu Tədqiqat qrantı müsabiqəsinin münsiflər heyətində uğurlu fəaliyyətinə görə təşəkkür bildirilib.

Q.Ramos akademik Şahin Mustafayevin fəaliyyətini yüksək qiymətləndirərək, onun təcrübəsinin müsabiqənin keçirilməsində xüsusi əhəmiyyətə malik olduğunu qeyd edib. UNESCO rəsmisi ilk müsabiqədə əldə olunan uğurlara əsaslanaraq, ikinci qrant müsabiqəsinə də hazırlaşacaqlarını bildirib.

Qeyd edək ki, UNESCO 2021-ci ildə gənc alimlər arasında İpək Yolu ilə bağlı elmi tədqiqatları təşviq etmək məqsədi ilə müsabiqə elan edib. Müsabiqənin münsiflər heyətinə dünyanın bir neçə ölkəsindən tanınmış alimlər, o cümlədən akademik Şahin Mustafayev seçilib.