Arxiv
Naxçıvan Muxtar Respublikasının torpaq mühitinin tədqiqinə həsr olunan yeni monoqrafiya nəşr edilib
17.12.2021

AMEA-nın Naxçıvan Bölməsi Bioresurslar İnstitutunun Torpaq ehtiyatları laboratoriyasının rəhbəri, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Sahib Hacıyevin həmmüəllifliyi ilə “Naxçıvan Muxtar Respublikasında torpaq mühitinin qorunması problemləri” adlı monoqrafiya nəşr olunub.

Monoqrafiyada torpaq mühitinin qorunması məsələsi geniş təhlil olunur. Muxtar respublikada torpaqların mühiti öyrənilərək təsərrüfatların dəqiq ixtisaslaşdırılması sayəsində gələcəkdə daha səmərəli istifadəsi üçün istiqamətlər göstərilir.

Əsər “Ön söz”, giriş, üç fəsil, nəticə və təkliflər, xülasə və ədəbiyyat siyahısından ibarətdir.

“Giriş” adlanan hissədə son dövrlərdə dünyada baş verən səhralaşma-torpaq deqradasiyası proseslərinin ölkəmizdə, eləcə də muxtar respublikanın torpaq mühitinə təsiri təhlil olunur, mühüm aktuallıq daşıyan mövzunun öyrənilməsinin məqsəd və vəzifələri haqqında məlumat verilir.

Monoqrafiyanın ilk fəslində muxtar respublikada yayılan torpaqların formalaşmasına təsir göstərən fiziki-coğrafi və antropogen amillər haqqında ətraflı məlumat verilir.

Nəşrin ikinci fəslində əkinçiliyin inkişaf tarixi, aparılan torpaq, aqroekoloji tədqiqatlar, ərazidə yayılan deqradasiya proseslərinin torpaq mühitinin formalaşmasına mənfi təsiri və onların aradan qaldırılması yollarından bəhs edilir.

“Naxçıvan Muxtar Respublikasının inzibati rayonlarında torpaq mühitinin qorunması problemləri” başlıqlı sonuncu fəsildə isə ərazidə torpaq münbitliyinin artırılması məqsədi ilə onların ekoloji qiymətləndirilməsi, aqroistehsalat qruplaşdırılması və muxtar respublikanın inzibati rayonlarında təsərrüfatların daha da dəqiq ixtisaslaşdırılması üçün təbii-torpaq kadastr yarımrayonlarına ayrılması məsələləri təhlilə cəlb olunur.

Naxçıvan Muxtar Respublikasında kənd təsərrüfatı təyinatlı torpaqların mühitinin qorunması və artırılması üçün istiqamətlər müəyyənləşdirilir. Bununla yanaşı, monoqrafiyada muxtar respublikanın sosial-iqtisadi inkişafı, aqrar sektorda kənd təsərrüfatı məhsullarının artırılması və keyfiyyətinin yüksəldilməsi məqsədilə də bir neçə tövsiyə və təkliflər verilir.