Arxiv
Akademik İradə Hüseynova: “Nizaminin bu gün də aktual olan elmi əsaslı fikirləri təbiətdə baş verən prosesləri dərk etməkdə gənc tədqiqatçılara yardımçı ola bilər”
23.12.2021

Bu fikirləri AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova “Nizami Gəncəvi İli” ilə əlaqədar Akademiyada həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələrə həsr olunmuş AMEA Rəyasət Heyətinin Xüsusi iclasında çıxışı zamanı deyib.

Akademik İ.Hüseynova ölkə Prezidenti İlham Əliyevin 2021-ci ilin “Nizami Gəncəvi İli” elan edilməsi haqqında Sərəncamının hər bir azərbaycanlının, Şərq insanının, ümumilikdə insanlığın diqqətini böyük şair-filosofa yönəltməyə xidmət etdiyini bildirib.  

AMEA-nın vitse-prezidenti dahi şairin əsərlərinin ölkəmizdə dəfələrlə nəşr olunduğunu, onun ədəbi irsinin öyrənilməsi və tanıdılması sahəsində xeyli işlərin görüldüyünü, çox sayda tədqiqatların ərsəyə gətirildiyini, eləcə də dünya nizamişünaslığında ilk dəfə olaraq əsərlərinin elmi tənqidi mətninin hazırlandığını diqqətə çatdırıb. Bildirib ki, bəşəriyyətin ən nəhəng ədib və filosoflarından olan dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin bioloji, ekoloji, tibbi bilik və baxışlar aləmi də öz zənginliyi, rəngarəngliyi və çoxşaxəli olması ilə seçilib.

İ.Hüseynova qeyd edib ki, Nizami Gəncəvi özünə qədərki elmi bilikləri ümumiləşdirərək bir sıra mühüm nəticələr çıxarmağa nail olub, öz münasibət və təsəvvürlərini əlavə etməklə bədii təfəkkür süzgəcindən keçirərək bəşəriyyətə qiymətli töhfələr verib. O, qeyd olunan məsələlərin AMEA-nın Nizami Gəncəvi adına Ədəbiyyat və Molekulyar Biologiya və Biotexnologiyalar institutlarının birgə təşkilatçılığı ilə cari ilin oktyabr ayında keçirilmiş “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda VII “Fizika və lirika” konfransında müzakirə olunduğunu söyləyib.

Akademik bildirib ki, sözügedən konfransda Nizami Gəncəvi yaradıcılığının müasir biologiya, aqrar, ətraf mühit və tibb elmləri nöqteyi-nəzərindən araşdırılmasına böyük yer verilib, mütəfəkkirin əsərlərində digər elmlərlə yanaşı, botanika, zoologiya, anatomiya, fiziologiya, gigiyena, biotibb, həmçinin ümumi biologiya ilə bağlı çoxsaylı dəyərli elmi fikirlərə, hətta müxtəlif elm sahələri arasında əlaqələrin şərhlərinə rast gəlməyin mümkünlüyü vurğulanıb. Vitse-prezident qeyd edib ki, şair, həmçinin bitkilərin həyatı və inkişafında torpaq və su resurslarının, Günəş işığı və temperatur rejiminin rolunu sanki bir bioloq alim və kənd təsərrüfatı mütəxəssisi kimi dəqiq qiymətləndirib.

“Nizami Gəncəvi heyvan və bitkilər aləmi üzərində məqsədyönlü müşahidələr aparıb, öz əsərlərində 50-dən çox heyvanın, 50-dən çox bitkinin adını çəkib, bunlardan, eləcə də təbiət hadisələrindən bir neçə məqsədlə istifadə edə bilib”, - deyə İ.Hüseynova bildirib. Əlavə edib ki, Nizami canlı aləmin nümayəndələrinin səciyyəvi xüsusiyyətlərini müqayisəli şəkildə, zəngin və obrazlı ifadələrlə tərənnüm etməklə həm əsərlərinin bədii və fəlsəfi tutumunu gücləndirib, bu xüsusiyyətlərdən istifadə etməklə öz ideya və düşüncələrinin həqiqiliyinə insanları inandırmağa nail olub, həm də oxucu təfəkkürünü yeni biliklərlə zənginləşdirə bilib.

Vitse-prezident qeyd edib ki, Nizaminin əsərlərində Azərbaycan təbiətinin qiymətli fauna və flora inciləri ilə yanaşı, çox uzaq ölkələrin, Çinin, Cənubi və Cənubi-şərqi Asiyanın, tropik enliklərin heyvan və bitkiləri ilə bağlı da dəqiq xüsusiyyətlər, əlamətlər tərənnüm edilib.

“Nizami təbiəti dərin məhəbbətlə sevməklə yanaşı, həm də onun bütün sirlərinə bələd olmağa çalışan təbiətşünas alim-filosof olub”, - deyən İ.Hüseynova şairin ensiklopedik biliyə malik olmaqla fizika, astronomiya, kimya, coğrafiya, biologiya elmlərinə və tibb sahəsinə dair olduqca qiymətli fikirlər söylədiyini diqqətə çatdırıb.

Akademikin sözlərinə görə, şairin əksər əsərlərində qeyd edilən elmi əsaslı fikir və faktlar bu gün də aktualdır və təbiətdə baş verən bir sıra prosesləri dərk etməkdə gənc tədqiqatçılara yardımçı ola bilər.

Çıxışının sonunda akademik İ.Hüseynova əlavə edib ki, “Nizami Gəncəvi irsi və təbiət” mövzusunda keçirilmiş ilk konfrans nizamişünaslığa real töhfə hesab edilə bilər: “Əminəm ki, burada irəli sürülmüş ideyalar, fikirlər növbəti multidissiplinar elmi tədbirlərdə daha da inkişaf etdiriləcək, ortaq tədqiqat işlərinin mövzusu olacaqdır”.