Dekabrın 23-də AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının seçki-hesabat yığıncağı keçirilib.
Yığıncaqda AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov, AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov və Elmi-təşkilat idarəsinin məsul əməkdaşları, AMEA elmi müəssisələrinin Gənc Alim və Mütəxəssislər şuralarının sədrləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə AMEA-nın birinci vitse-prezidenti v.i.e., akademik Arif Həşimov açaraq Azərbaycanda elmi-intellektual gəncliyin yetişdirilməsində, elm və təhsilin səmərəli inteqrasiyasında, beynəlxalq aləmdə Azərbaycan elminin populyarlaşdırılmasında, milli və mənəvi dəyərlərimizə sadiq, vətənpərvər gənc nəslin formalaşdırmasında AMEA-nın elm siyasəti barədə məlumat verib.
Sonra AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov Akademiyada aparılan son islahatlar barədə geniş çıxış edərək gündəlikdə duran məsələləri tədbir iştirakçılarının diqqətinə çatdırıb.
İclasda AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov şuranın birillik fəaliyyəti ilə bağlı geniş hesabatı təqdim edib. Diqqətə çatdırıb ki, AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurası özündə Akademiyanın elmi-tədqiqat müəssisələrində fəaliyyət göstərən 2500-dən artıq gənci, o cümlədən magistrant və doktorantları birləşdirir. F.Salmanov qeyd edib ki, şurаnın fəaliyyətinin əsаs məqsədi AMEA-da çalışan gənclərin еlmi pоtеnsiаlının аrtırılmаsı, onların müxtəlif təşəbbüslərinin stimullаşdırılmаsı, elmə axınının təmin olunması, asudə vaxtlarının səmərəli keçirilməsinin təşkili, əldə еtdikləri еlmi yеniliklərin KİV-də işıqlandırılması, mеtоdiki, infоrmаsiyа yаrdımının göstərilməsi və s. tədbirlərdən ibarətdir. Onun sözlərinə görə, şurаnın fəaliyyətinə, həmçinin elmin respublikada təbliği və Azərbaycan elminin dünya elminə inteqrasiyasının sürətləndirilməsi məsələləri də daxildir.
Hesabat dinlənildikdən sonra mövzu ətrafında çıxışlar dinlənilib.
Tədbirdə AMEA Rəyasət Heyəti aparatının rəhbəri, filologiya üzrə fəlsəfə doktoru, dosent Seyfəl Həsənov Akademiyanın fəaliyyətində gənclərin rolu barədə çıxış edərək onlara elmi ictimai fəaliyyətləri ilə bağlı öz tövsiyələrini verib, AMEA rəhbərliyinin daim gənc alimlərin fəaliyyətinə dəstək verdiyini bildirib. Eyni zamanda o, şuranın hesabatını məqbul hesab edib və gənclərə gələcək elmi fəaliyyətlərində uğurlar arzulayıb.
Sonra AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin tərkibinin yenidən formalaşdırılaraq gəncləşdirilməsi məsələsinə baxılıb. İdarə Heyətinin tərkibinin yaş hədlərinin çox olması ilə əlaqədar yeni tərkibdə 15 nəfərdən ibarət İdarə Heyəti seçki yolu ilə seçilib. Məsələ səsverməyə qoyulub və qərar yekdilliklə qəbul olunub.
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının İdarə Heyətinin qərarı ilə Akademiyanın Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun böyük elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev şuranın sədri, Fizika İnstitutunun elmi işçisi, fizika üzrə fəlsəfə doktoru Behbud İbrahimov və Ədəbiyyat İnstitutunun elmi işçisi Şəfa Əliyeva şuranın sədrinin müavinləri seçiliblər.
Daha sonra şuranın yeni sədri Elmir Babayev çıxış edərək göstərilən etimada görə Akademiyanın rəhbərliyinə minnətdarlığını bildirib. Qeyd edib ki, bu gün Akademiyada AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev tərəfindən aparılan gənclər siyasəti cənab Prezident İlham Əliyevin respublikada həyata keçirdiyi gənclər siyasətinin ayrılmaz hissəsidir. “Biz gənc alimlər olaraq öz üzərimizə düşən məsuliyyəti dərk edirik və düşünürük ki, tək AMEA-nın deyil, həm də ölkənin elm və gənclik siyasətində mühüm yer tutmağa çalışmalıyıq”, - deyə E.Babayev vurğulayıb.
Sonda tədbir iştirakçıları adından cənab Prezident İlham Əliyevə 60 illik yubileyi münasibətilə təbrik ünvanlanıb.