AMEA prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığına əsasən Mərkəzi Nəbatat Bağında bu ilin oktryabr ayından etibarən başlamış genişmiqyaslı abadlıq-quruculuq işləri başa çatmışdır.
Qeyd edək ki, qısa müddət ərzində 41 hektar sahəni əhatə edən Bağın təxminən 3 hektarlıq ekskursiyaya açıq ərazisi kol-kos və qurumuş ağaclardan təmizlənmiş, quru budaqların budanması, ağac diblərinin bellənməsi kimi zəruri aqrotexniki tədbirlər həyata keçirilmişdir.
Bərpa işləri zamanı Bağın ərazisində suvarma sisteminın səmərəli təşkili məqsədi ilə müxtəlif diametrli yeni su boruları və su təhcizatı şəbəkəsi qovşaqları quraşdırılmışdir. Bağda həmçinin su hovuzlarının təmizlənilməsi və təmiri həyata keçirilmişdir.
Nəbatat Bağında piyada gəzinti yolları və xiyabanların təmiri qısa zaman kəsiyində həyata keçirilmişdir. Belə ki, Bağda yol infrastrukturu müasir vəziyyətə çatdırılaraq ziyarətçilərin rahat gediş-gəlişinin təmin olunması istiqamətində genişmiqyaslı təmir-tikinti işləri aparılmışdır.
Ekskursiyaya açıq sahələrin yolboyu hissələrinin abadlaşdırılması məqsədilə beton döşəmə plitələrinin salınması prosesi artıq yekunlaşmışdır. Yenidənqurma işləri çərçivəsində yolun köhnə örtüyü sökülərək müasir tikinti materiallarının istifadəsi ilə ekskursiya sahələrinin yol hissəsinin inşası həyata keçirilmişdır.
Bağın ekskursiyaya açıq sahələrində müasir işıqlandırma sisteminin quraşdırılması istiqamətində işlər uğurla davam etdirilib. Sözügedən işlər çərçivəsində Bağın 1-ci sahəsində yeni işıq dirəkləri quraşdırılıb. Yeni quraşdırılan dirəklər müasir tələblərə cavab verən led lampaları ilə təhciz edilib.
Yenidənqurma işləri zamanı Bağın ziyarətçilərə açıq ekskursiya sahələrinin dizayn konsepsiyası da nəzərdən keçirilmiş, yaşıllaşdırma işlərinin sürətləndirilməsi məqsədilə yeni yaşıllıq planı hazırlanmışdır. Mərkəzi Nəbatat Bağına 10 000-dən çox dekorativ bitki və meyvə ağacları gətirilərək əkilmişdir.
Mərkəzi Nəbatat Bağında mərhələli şəkildə həyata keçiriləcək yenidənqurma işləri çərçivəsində çay kolleksiyası da yaradılmışdır. Bu məqsədlə Azərbaycanın Lənkəran bölgəsindən çay tingləri gətirilərək Bağın ərazisində ayrılmış xüsusi sahədə əkilmişdir. Ölkəmizin cənub bölgəsində subtropik iqlim şəraitində becərilən çay bitkisinin Abşeron iqlim şəraitinə uyğunlaşdırılması, düzgün aqrotexniki qulluğun göstərilməsi və ümümilikdə bu bitkinin biologiyasının araşdırılması qarşıda duran əsas məsələlərdəndir.
Mərkəzi Nəbatat Bağında oktyabr ayından aparılan yaşıllaşdırma işləri çərçivəsində müxtəlif meyvə ağaclarının əkini prosesi mütəmadi şəkildə davam etdirilməkdədir. Meyvə ağacları sahələrinin bərpası üçün Bağa Bakı və Abşeron yarımadasının iqlim şəraitinə uyğun alma, armud, albalı, alça, yapon əzgili, qozvə s. kimi ağac tingləri gətirilərək əkini həyata keçirilmişdir.