Məlum olduğu kimi, ölkəmizdə insanların sağlam təbii şəraitdə yaşamasını ən yüksək səviyyədə təmin etmək Azərbaycanda reallaşdırılan milli inkişaf strategiyasının prioritet istiqamətlərindən biridir. Azərbaycan dövləti ekologiyanın və ətraf mühitin mühafizəsi məsələsinə daim xüsusi diqqət və qayğı ilə yanaşır.
Dövlət siyasətinə hər zaman dəstək verən AMEA Mərkəzi Nəbatat Bağı Azərbaycan xalqının böyük oğlu, ümummilli lider Heydər Əliyevin siyasi xəttinin davamçısı, ölkəmizin Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin 60 illik yubileyi münasibətilə növbəti ağacəkmə aksiyası keçirilib. Sözügedən aksiya çərçivəsində 60 ədəd Şərq çinarı əkilib.
Ağacəkmə aksiyasında AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova, Bağın baş direktoru Natiq Allahverdiyev, icraçı direktoru, biologiya elmləri doktoru Həsən Babayev, Mikrobiologiya İnstitutunun baş direktoru Pənah Muradov və Bağın alimləri iştirak ediblər.
Görkəmi və nadir bioekoloji əlamətlərinə görə Şərqin ağac florasının mirvarisi hesab edilən Şərq çinarı möhtəşəm gövdəsi, əzəmətli və yaraşıqlı çətirinə görə Cənubun nəhəng ağacı adlandırılır.
Prezident İlham Əliyevin doğum gününə töhfə olan bu kimi təşəbbüslərin həyata keçirilməsi təbiətin və ekoloji mühitin mühafizəsi, biomüxtəlifliyin qorunması baxımından mühüm əhəmiyyətə malikdir. İnsanlar arasında ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsində böyük rolu olan bu kimi aksiyalarda əkilən hər bir ağac gələcək nəsillərə yadigar qalacaq.