Arxiv
AMEA Mərkəzi Nəbatat Bağının Elmi Şurasının iclası keçirilib
10.01.2022

10 yanvar 2022-ci il tarixində AMEA Mərkəzi Nəbatat Bağında Elmi Şuranın növbəti iclası keçirilib. İclasda Bağın direktoru Natiq Allahverdiyev, Bağın icraçı direktoru, biologiya üzrə elmlər doktoru Həsən Babayev və Elmi Şuranın üzvləri iştirak ediblər. Bağın direktoru Natiq Allahverdiyev iclası giriş sözləri ilə açaraq, ilk növbədə Elmi Şuranın yeni tərkibinə elmi işlərinin gələcək fəaliyyətində uğurlar arzulayıb. Daha sonra Bağın inkişafı istiqamətində nəzərdə tutulan gündəlik məsələləri-Mərkəzi Nəbatat Bağında mövcud olan bitkilərin elektron mətbuat bazasının yaradılması, qrand layihələri üzrə təkliflərin hazırlanması, Bağın əməkdaşlarının attestasiyasının keçirilməsi, 2022-ci il üçün laboratoriyaların iş proqramlarının və əməkdaşların fərdi iş planlarının hazırlanması, Biokimya laboratoriyasının yaradılması haqqında təkliflər və s. müzakirəyə çıxarılıb. Sözügedən məsələlərlə bağlı Şura üzvlərinin fikir və təklifləri dinlənilib.

Eyni zamanda, Elmi Şuranın iclasında ağaclarda mövcud olan xəstəliklərin müəyyənləşdirilməsi, həmin xəstəliklərin aradan qaldırılması və mövcud zərərvericilərə qarşı mübarizə məsələsi də müzakirə edilib. Şura üzvləri bu məsələnin dövlət səviyyəsində vacib məsələlərdən biri olduğunu qeyd ediblər. Həmçinin,  bu istiqamətdə lazimi tədbirlərin görülməsinin,  bitki xəstəlikləri ilə bağlı ixtisaslaşdırılmış mütəxəssislərin Bağa cəlb edilməsinin  önəmini vurğulayıblar.  B.ü.f.d., dosent Şakir Qasımov universitetlərarası müştərək qrupların yaradılması və xəstəliklərə qarşı birlikdə mübarizə aparılması barədə təklifini irəli sürüb.

Direktor Natiq Allahverdiyev Mərkəzi Nəbatat Bağında Biokimya laboratoriyasının yaradılmasının  əsas prioritet istiqamətlərdən biri olduğunu qeyd edib. Bildirib ki, yaradılması planlaşdırılan laboratoriya təbiətin inkişafı, bitkilərdə xəstəliklərin formalaşmasının öyrənilməsi üçün stimulverici elm mənbəyi olacaqdır.

Qeyd edək ki, iclasda müzakirə edilən məsələlərlə bağlı mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır və bu istiqamətdə işlər görüləcək.