AMEA-nın Genetik Ehtiyatlar İnstitutu Avropa Komissiyasının layihələrində aktiv iştirakını davam etdirir. İnstitutun əməkdaşları 2019-2021-ci illərdə Avropa Komissiyasının 5 layihəsinə qoşulub. Hazırda layihələr çərçivəsində elmi əməkdaşlıq uğurla həyata keçirilir.
2022-ci ildə aparılan danışıqların nəticəsi olaraq institut COST proqramı üzrə “Aləmlər arasında RNT əlaqələri: patogen nəzarətində yeni mexanizm və strategiyalar” adlı yeni layihəyə qoşulub. 2025-ci ilə qədər davam edəcək layihəyə Böyük Britaniyanın Edinburq Universiteti rəhbərlik edir.
Layihənin əsas məqsədi molekulyar genetikada yeni sahə hesab edilən aləmlər arasında RNT əlaqələrinin tədqiqi üzrə dünya alimləri arasında əməkdaşlığın gücləndirilməsi, davamlı inkişaf məqsədlərinə uyğun olaraq xəstəlik və zərərvericilərə nəzarətin idarəolunması sahəsində yeni bioloji modellərin yaradılması və mexanizmlərinin fundamental əsaslarının öyrənilməsindən ibarətdir.
Layihədə Böyük Britaniya, ABŞ, Almaniya, Belçika, İspaniya, Yunanıstan, Fransa, Serbiya, Türkiyə, Moldova, İsrail, Argentina və s. ölkələrin universitet və tədqiqat mərkəzlərinin alimləri iştirak edir. Azərbaycanı isə bu layihədə AMEA-nın Genetik Ehtiyatlar İnstitutunun müvafiq şöbə və laboratoriyalarının əməkdaşları təmsil edir.
Qeyd edək ki, layihə çərçivəsində 2022-2025-ci illər ərzində birgə tədqiqatların aparılması, eləcə də gənc tədqiqatçıların tərəfdaş ölkələrin elmi mərkəzlərinə qısa və orta müddətli səfərləri planlaşdırılır.