Arxiv
Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Günü qeyd olunub
02.02.2022

Fevralın 2-də AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda Gənclər Gününə həsr olunmuş tədbir keçirilib.

Əvvəlcə institutunGənc Alim və Mütəxəssislər Şurasının üzvləri Fəxri xiyabanda ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

Daha sonra institutun akt zalında toplantı keçirilib. Tədbiri giriş sözü ilə AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik İradə Hüseynova açaraq bayram münasibətilə gəncləri təbrik edib, onların millətin inkişafının təməl daşı, müstəqilliyimizin qorunub-saxlanılmasının və ümumən, gələcəyimizin qarantı olduğunu vurğulayıb. Qeyd edib ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf etdirilən dövlət gənclər siyasəti gəncliyin gələcəyə ümidlə baxmasına, daha səylə çalışmasına, müasir Azərbaycanın inkişafına öz töhfələrini verməsinə geniş imkanlar yaradır. 

Akademik 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın rəhbərliyi ilə torpaqlarımızı işğaldan azad edilməsində qəhrəman övladlarımızın şücaətini xüsusi vurğulayaraq işğaldan azad edilən torpaqlarda görüləcək quruculuq-abadlıq işlərində gənclərimizin də iştirakının mühüm əhəmiyyət kəsb etdiyini bildirib: “Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin gənclərə göstərdiyi diqqət və qayğı nəticəsində bu gün Azərbaycanda intellektual, milli düşüncəyə sahib gənclər formalaşır və onlar ölkənin ictimai-siyasi həyatında böyük rol oynayırlar”.

O, ölkədə gənclərin elmə cəlb olunması istiqamətində görülən tədbirlərdən, gənclərin xarici ölkələrdə təhsil alması üçün qəbul edilən dövlət proqramlarından bəhs edib. Akademik İradə Hüseynova qeyd edib ki, hazırda institutun 5 nəfər gənc mütəxəssisi “Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”, AMEA və Fransanın Monpelye Universiteti arasında imzalanmış əməkdaşlıq sazişi əsasında elan edilən müştərək doktorantura proqramı, İslam İnkişaf Bankının PhD üzrə təqaüd proqramı çərçivələrində dünyanın aparıcı universitetlərində - Böyük Britaniyanın Oksford Universitetində, Fransanın Monpelye Universitetində, Belçika Krallığının Gent Universitetində, Fransa Respublikasının Grenoble Politexnik İnstitutunda, Türkiyə Respublikasının Bilecik Şeyh Edebali Üniversitetində doktorantura təhsili alırlar. Cari ildə institutun daha 5 nəfər gənc əməkdaşı xaricdə təhsil almaq hüququ əldə edib.

Akademik İradə Hüseynova 2022-ci il Gənclər üçün Prezident mükafatçıları sırasında institutun doktorantı, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Lalə Axundovanın da adının olduğunu qürur hissi ilə vurğulayıb. Laboratoriyanın digər gənc əməkdaşı Gülmirə Əlibəyovanın isə Gənclər Günü münasibətilə AMEA Rəyasət Heyətinin Fəxri diplomu ilə təltif olunduğunu deyib. Akademik İradə Hüseynova hər iki gənci təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Sonra müəssisənin Veteranlar şurasının sədri, AMEA-nın müxbir üzvü İbrahim Əzizov çıxış edərək ümummilli lider Heydər Əliyevin gənc kadrların yetişdirilməsinə hər zaman böyük əhəmiyyət verdiyini, XX əsrin 70-ci illərindən etibarən ulu öndərin dəstəyi ilə bu istiqamətdə zəruri maddi-texniki bazanın formalaşdırıldığını, yüzlərlə gəncin SSRİ-nin aparıcı ali təhsil müəssisələrinə təhsil almağa göndərildiyini və oradan yüksəkixtisaslı mütəxəssislər kimi qayıdaraq ölkəmizin inkişafına öz töhfələrini verdiklərini diqqətə çatdırıb.

İnstitutun Gənc Alim və Mütəxəssislər Şurasının sədri Nərgiz Bayramova isə Gənclər Gününün yaranma tarixi, dövlətin gənclər siyasəti, ölkəmizin və cəmiyyətin müasir həyatında gənclərin rolu haqqında məlumat verib. Bildirib ki, Azərbaycan gəncliyi ölkə və Akademiya rəhbərliyinin diqqət və qayğısını yüksək dəyərləndirməklə yanaşı, öz məsuliyyətini də dərk edir və Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji vəzifələrin uğurla həyata keçirilməsinə, respublikamızın dinamik inkişaf edən qüdrətli dövlətə çevrilməsi prosesinə öz töhfəsini verməyə çalışır.

Tədbirdə çıxış edən Proteomiks beynəlxalq laboratoriyasının elmi işçisi Aynurə Paşayeva, Molekulyar biotexnologiya beynəlxalq laboratoriyasının böyük elmi işçisi Aytən Ağayeva, Populyasiya genomiksi laboratoriyasının kiçik elmi işçisi Gülmirə Əlibəyova, Proteomiks beynəlxalq laboratoriyasının kiçik elmi içşisi Lalə Qurbanova elmdə qazandıqları uğurlardan bəhs edərək, gənclərə yaradılan şəraitə görə ölkə başçısına və AMEA rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Tədbirin sonunda akademik İradə Hüseynova institutun elmi və ictimai həyatında fəal iştirak edən bir qrup gəncə fəxri diplomlar təqdim edib.