Akademik Ramiz Mehdiyev AMEA rəhbərliyinə gəldiyi ilk günlərdən məqsədyönlü islahatlara başlamış, Akademiyanın institut və təşkilatlarında islahatların aparılması məqsədilə AMEA əməkdaşlarından ibarət komissiyalar yaradılmışdır.
Mərkəzi Nəbatat Bağının icraçı direktoru, biologiya elmləri doktoru Həsən Babayev açıqlamasında bildirib.
Azərbaycan xalqının dünya elminə hər zaman korifey alimlər bəxş etdiyini deyən H.Babayev bu alimlərin aldıqları elmi nəticələr, əldə etdikləri elmi kəşflər, ixtiraların bu gün də öz aktuallığını saxladığını və elm-texnika, kənd təsərrüfatı, eyni zamanda iqtisadiyyatın müxtəlif sahələrində geniş tətbiq olunduğunu deyib.
H.Babayev Azərbaycanın ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonra bir çox sahələrdə olduğu kimi, elm sahəsində də müəyyən problemlərin özünü göstərməyə başladığını qeyd edərək bunun əsas səbəbinin həmin dövrdə yaranmış ictimai-siyasi vəziyyətlə əlaqədar olduğunu diqqətə çatdırıb.
İcraçı direktorun sözlərinə görə, bu dövrdə alimlərimizin bir qismi maddi ehtiyac səbəbindən Akademiya əməkdaşları sırasından ayrılmış, bir qismi xarici ölkələrə üz tutumuş, lakin az bir qismi AMEA-da fəaliyyətini davam etdirərək elmi tədqiqatlar aparmışlar. Məhz bu səbəbdən uzun illər elmimizdə böyük irəliləyiş əldə olunmamış, dünya elmi qarşısında böyük geriləmə müşahidə olunmuşdur. Bu isə AMEA əməkdaşları arasında böyük məyusluq yaratmışdır.
“Ölkə Prezidenti İlham Əliyevin akademik Ramiz Mehdiyevi AMEA prezidenti təyin etməsindən sonra AMEA-da durğunluq dövrü başa çatmış və nəzərəçarpacaq dərəcədə müsbət inkişaf müşahidə olunmuşdur”, - deyə qeyd edən H.Babayev bildirib ki, aparılan islahatlar nəticəsində bir sıra müəssisələrdə aşkar olunmuş pozuntular aradan qaldırılmış, rəhbərlik dəyişdirilmişdir.
Onun sözlərinə görə, bir sıra elmi müəssisələrin rəhbərləri onlara qarşı aparılan bu islahatların qarşısını almaq üçün AMEA rəhbərliyinə qarşı qarayaxma kampaniyalarına başlamışdır.
Bu kimi əsası olmayan kampaniyaların uzun müddət davam edə bilməyəcəyinə əminliyini ifadə edən alim AMEA-da aparılan məqsədyönlü islahatların yalnız inkişafa xidmət etdiyini bildirib.
35 il AMEA-nın əməkdaşı olmuş H.Babayev Akademiyada aparılan islahatlarla bağlı bir neçə təklif irəli sürüb: “Belə ki, institutların rəhbərliyinə baş və icraçı direktorlar seçilən zaman baş direktorların daha çox idarəedici, lider xüsusiyyətlərinə sahib olması, iqtisadi sahədə böyük təcrübəyə malik olması, icraçı direktorların isə elmdə böyük uğur qazanmış şəxslərdən seçilməsi müəssisənin fəaliyyətinin daha səmərəli qurulmasına imkan verəcək. İkinci təklifim ondan ibarətdir ki, direktorlar müddətli seçilməli, onlara 2 dəfədən artıq direktor seçilmək imkanı verilməməlidir. Bundan başqa, mütəmadi olaraq elmi tədqiqatçıların fəaliyyətinin attestasiyası aparılmalı və attestasiya komissiyası öz işini ədalət prinsipi üzrə qurmalıdır. Həmçinin dissertasiya mövzuları dövlət tərəfindən müəyyən edilməli, uyğun istiqamətlərdə mövzular müvafiq institutlara yönləndirilməli, daha sonra bu istiqamətdə tədqiqat aparan şəxslər müəyyənləşdirilməlidir”.
İcraçı direktor vurğulayıb ki, qeyd olunan problemlər öz həllini taparsa, Azərbaycan elmində böyük nailiyyətlərə imza atmaq mümkündür.
Sonda H.Babayev əlavə ki, Mərkəzi Nəbatat Bağında qlobal ekologiya və biologiyanın mühüm sahələri ilə bağlı geniş tədqiqatlara başlanılıb və bu istiqamətdə yeni uğurların əldə olunması gözlənilir.