Arxiv
NKPİ-nin alimlərinin yeni yaratdıqları dərman preparatları uğurla sınaqdan keçirilib
10.02.2022

AMEA-nın akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) alimlərinin bitkilərdə zərərvericilərə qarşı yeni yaratdıqları “NKPİ-90” və “İAF-1” dərman pereparatları (insektisidlər) Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən institutun təcrübə istixanalarında və Abşeron Yardımçı Təcrübə Təsərrüfatının açıq sahələrində tərəvəz bitkilərinin (pomidor və xiyar) zərərvericilərinə - pomidor bitkisində pomidor güvəsinə (Tuta Absoluta), xiyar bitkisində isə mənənələrə (Aphids spp.) qarşı sınaqdan keçirilib. İnsektisidlərin zərərvericiyə təsirini müqayisə etmək üçün etalon preparatı kimi Takumi (20% Flubendiamide) insektisidi istifadə olunub. Nəzarət variantında zərərvericiyə qarşı heç bir kimyəvi mübarizə aparılmayıb.

“İAF-1” insektisidinin sınaqları tarla şəraitində pomidor bitkisinin “Azərbaycan 94” və istixanada “Şəlalə” sortları üzərində təbii zədələnmə fonunda insektisidin hektara 300-700 ml məsrəf normalarında aparılıb. “İAF-1” insektisidinin pomidor bitkisində pomidor güvəsinə qarşı götürülmüş məsrəf normalarında bioloji səmərəliliyi tarla şəraitində müvafiq olaraq 70,8-83,3%, etalonda 62,5%, istixanada 66,8-81,3%, etalonda isə 62,5% olub.

“NKPİ-90” insektisidinin sınaqları isə istixanada pomidor bitkisinin “Şəlalə” sortu üzərində, təbii zədələnmə fonunda insektisidin hektara 100-500 ml məsrəfində həyata keçirilib. “NKPİ-90” insektisidinin pomidor bitkisində pomidor güvəsinə qarşı yuxarıda göstərilən məsrəf normalarında bioloji səmərəliliyi isə müvafiq olaraq 63,6-81.8%, etalonda isə 72,7% olub.

Sınaqların nəticələri barədə Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutu tərəfindən fevralın 7-də sınaq aktı alınıb.

Aparılmış sınaqlar Azərbaycan alimlərinin yaratdıqları dərman prepatlarının kənd təsərrüfatında zərərvericilərə qarşı insektisid kimi istifadəsinin mümkünlüyünü və onların geniş istehsal sınağının zəruriliyini göstərmiş olub.