Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması ilə bağlı AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynovanın və Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, biologiya üzrə fəlsəfə doktoru Vüqar Kərimovun görüşü keçirilib.
AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun akt zalında təşkil edilmiş görüşdə Akademiya tərəfindən Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayeva, institutun aparıcı əməkdaşları, biologiya elmləri doktorları Aydın Əsgərov, Dilzarə Ağayeva, Naibə Mehdiyeva, Zoologiya İnstitutunun icraçı direktoru, biologiya elmləri doktoru, dosent Elşad Əhmədov, Mərkəzi Nəbatat Bağının laboratoriya müdiri, biologiya elmləri doktoru, professor Elman İskəndər, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən isə nazirin müşaviri Rasim Səttarzadə və nazirlik yanında Bioloji müxtəlifliyin qorunmasi xidmətinin rəis müavini Arzu Babayeva iştirak ediblər.
Görüşdə akademik İradə Hüseynova və b.ü.f.d. Vüqar Kərimovun moderatorluğu ilə yeni nəşrin yüksək səviyyədə hazırlanması üzrə qaydaların, qiymətləndirmə üsullarının və gələcək fəaliyyət istiqamətlərinin dəqiqləşdirilməsi, mövcud planların icrasının və müvafiq tədqiqat işlərinin intensivləşdirilməsi və daha səmərəli əlaqələndirilməsi, ekspedisiyaların lazımi avadanlıqlar və nəqliyyat vasitələri ilə təmin edilməsi və digər əlaqədar məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, çoxsaylı təkliflər bildirilib, növbəti addımların atılması ilə bağlı qərarlar qəbul edilib.