AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin (BTEB) Elmi şurasının növbəti iclası keçirilib.
Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, bölmənin Elmi şurasının sədri, akademik İradə Hüseynova iştirakçıları gündəlikdəki məsələlərlə tanış edib.
Elmi şuranın sədri əvvəlcə iştirakçılara AMEA-nın Rəyasət Heyətinin “27 mart – “Elm günü” haqqında” 11 mart 2022-ci il tarixli qərarı və qərarın icrası ilə əlaqədar Biologiya və Tibb Elmləri Bölməsinin və onun elmi tədqiqat müəssisələrinin üzərinə düşən vəzifələr barədə danışıb. O, həmçinin 6 iyul 2022-ci il tarixində Şuşa və Bakı şəhərlərində keçiriləcək “Şuşa və ətraf ərazilərin biomüxtəlifliyi, torpaq və su ehtiyatları: gələcəyə baxış” mövzusunda beynəlxalq elmi konfransın işində fəal iştirak etməyin vacibliyini vurğulayıb.
Akademik İradə Hüseynova daha sonra Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşri ilə bağlı iş planlarının icra vəziyyəti haqqında danışmaq üçün sözü AMEA-nın Botanika İnstitutunun baş direktoru, biologiya elmləri doktoru, professor Səyyarə İbadullayevaya və AMEA-nın Zoologiya İnstitutunun baş direktoru v.i.e., aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Ələddin Eyvazova verib. Natiqlər “Qırmızı kitab”la bağlı hazırda aparılan tədqiqatlar, əldə edilmiş nəticələr, planlaşdırılan ekspedisiya monitorinqləri, ehtiyac və çətinliklər barədə məlumat veriblər.
Müzakirələrdə Elmi şuranın üzvləri fəal iştirak ediblər.
Akademik İradə Hüseynova qeyd edilən hər bir məsələyə öz münasibətini bildirib, AMEA-nın rəhbərliyi tərəfindən mümkün olan köməkliklərin göstərildiyinə və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə fəaliyyətlərin də davam etdirildiyinə diqqət çəkib.
Sonra AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu Elmi şurasının tərkibində qismən dəyişiklik edilməsi, AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının yeni tərkibi ilə bağlı məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.
Biologiya üzrə fəlsəfə doktoru, dosent Durna Əliyevanın yenidən Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun elmi katibi vəzifəsinə təyin olunması məsələsinə baxılıb və AMEA-nın Rəyasət Heyəti qarşısında müvafiq vəsatətin qaldırılması qərara alınıb.
Daha sonra Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri, AMEA-nın müxbir üzvü Novruz Quliyevin 70, Zoologiya İnstitutunun laboratoriya müdiri, biologiya elmləri doktoru Qiyas Quliyevin 75, həmin institutun baş elmi işçisi, biologiya elmləri doktoru Əli Nəsirovun isə 70 illik yubileyləri ilə bağlı məsələlər müzakirə edilib.
Sonda AMEA-nın Biologiya və Tibb Elmləri Bölməsinin fəaliyyəti ilə bağlı bir sıra digər məsələlərə baxılaraq müvafiq qərarlar qəbul olunub.