Aprelin 22-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.
İclasda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov və Rəyasət Heyətinin digər üzvləri iştirak ediblər.
Tədbiri akademik Arif Həşimov giriş sözü ilə açaraq yığıncağın gündəliyi barədə məlumat verib.
Əvvəlcə akademik Arif Həşimov AMEA-nın müxbir üzvü Pənah Muradova, biologiya elmləri doktoru Fuad Qulubəyova, həmçinin AMEA-nın vitse-prezidentinin köməkçisi Sayat Mustafayevaya AMEA-nın Fəxri fərmanlarını təqdim edib.
Daha sonra iclasda bir sıra elmi-təşkilati məsələlər müzakirə olunub.
Müzakirəyə çıxarılan ilk məsələ AMEA-nın 27 aprel 2022-ci il tarixində keçiriləcək Ümumi yığıncağına hazırlıq haqqında olub. Məsələ ilə bağlı çıxış edən akademik Arif Həşimov bildirib ki, tədbirdə AMEA-nın həqiqi və müxbir üzvləri ilə yanaşı, bir sıra nazirliklərin və ali təhsil müəssisələrinin rəhbər şəxslərinin, eləcə də xaricdə yaşayan azərbaycanlı alimlərin iştirakı gözlənilir. Akademikin sözlərinə görə, Ümumi yığıncaqda AMEA-nın 2021-ci ildəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı elmi bölmələrinin hesabatı dinləniləcək, həmçinin tədbir çərçivəsində AMEA-nın elmi müəssisə və təşkilatlarında əldə olunan nailiyyətləri əks etdirən Akademiyanın elmi nailiyyətlərinin sərgisinin açılışı olacaq və 3 gün ərzində, aprelin 29-dək gələn qonaqlar üçün nümayiş etdiriləcək. AMEA rəhbəri həmin sərginin gələcəkdə daimi olmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Akademik Arif Həşimov daha sonra AMEA-nın Ümumi yığıncağının qərar layihəsini təqdim edib və bu istiqamətdə Rəyasət Heyətinin üzvlərinin iştirakı ilə geniş müzakirələr aparılıb, müvafiq tapşırıqlar verilib.
İclasda, həmçinin akademik Zemfira Səfərovanın 85, AMEA-nın müxbir üzvləri Şakir Musayevin 65, Firəngiz Əli-zadənin isə 75 illik yubileyləri haqqında qərarlar qəbul olunub. Bundan əlavə, AMEA-nın Mikrobiologiya İnstitutunun Elmi şurasının yeni tərkibi təsdiqlənib, həmçinin Biofizika İnstitutunun fəlsəfə doktoru hazırlığı üzrə əyani doktorantı Türkan Səmədova öz xahişi ilə doktoranturadan xaric edilib.
Daha sonra tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova Böyük Britaniyanın Molekulyar Biologiya İnstitutunun və AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun Hesablama struktur biologiyası laboratoriyalarının rəhbəri, professor Qərib Mürşüdovun və Almaniyada yaşayan azərbaycanlı riyaziyyatçı alim Məsud Əfəndiyevin ölkə başçısının 21 aprel 2022-ci il tarixli Sərəncamı ilə “Əməkdar elm xadimi” fəxri adına layiq görüldüklərini söyləyib və bu təltif münasibətilə Akademiya adından Prezident İlham Əliyevə minnətdarlığını bildirib.
Sonda AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov çıxış edərək Akademiyada elmi mühitin qorunması və aparılan tədqiqatların inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.