Arxiv
AMEA-nın Rəyasət Heyətinin iclası keçirilib
16.05.2022

Mayın 13-də Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov açaraq iclasın gündəliyi barədə məlumat verib.

İclasda əvvəlcə akademik Arif Həşimov 85 illik yubileyi münasibətilə akademik Zemfira Səfərovaya, 75 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Firəngiz Əli-zadəyə və 65 illik yubileyi münasibətilə AMEA-nın müxbir üzvü Şakir Musayevə AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

Daha sonra akademik Arif Həşimov “Elm günü” münasibətilə AMEA-nın Rəyasət Heyətinin əməkdaşları – biologiya üzrə fəlsəfə doktoru Esmira Əlirzayeva, AMEA-nın akademik-katibinin xidmətinin elmi katibi Gülarə Hacıyeva, texnika üzrə fəlsəfə doktoru Reyhan Qasımova, filologiya üzrə fəlsəfə doktoru Arzu Məmmədxanlı, filologiya üzrə fəlsəfə doktoru Zümrüd Mənsimova, filologiya üzrə fəlsəfə doktoru Aynur Mahmud, riyaziyyat elmləri doktoru Toğrul Muradov, filologiya üzrə fəlsəfə doktoru Sərxan Xavəri, kimya üzrə fəlsəfə doktoru Elnur Məmmədov, aqrar elmlər üzrə fəlsəfə doktoru Afiq Məmmədov, filologiya üzrə fəlsəfə doktoru Hikmət Quliyev, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayev, texnika üzrə fəlsəfə doktoru İlqar Quliyev, texnika üzrə fəlsəfə doktoru Hüseyn Hüseynov, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Fariz İmranov və AMEA-nın vitse-prezidentinin xidmətinin elmi katibi Coşqun Məmmədova AMEA-nın Fəxri fərmanlarını təqdim edib.

İclasda AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev AMEA-nın Rəyasət Heyəti aparatının elmi katiblərinin iş təcrübəsinə görə fərqləndirilməsini təklif edib.

Akademik Arif Həşimov qeyd olunan təklifin baxılması məqsədilə AMEA-nın Rəyasət Heyəti aparatının Maliyyə və Hüquq şöbələrinin müdirlərinə tapşırıqlarını verib.

Tədbirdə, həmçinin bir sıra elmi-təşkilati məsələlər də müzakirə olunub və AMEA-nın vitse-prezidenti, akademik İbrahim Quliyevin 75 illik yubileyi münasibətilə qərar qəbul edilib.

Müzakirəyə çıxarılan növbəti məsələ AMEA-nın 27 aprel 2022-ci il tarixli Ümumi yığıncağının və onun davamı olaraq elmi bölmə Ümumi yığıncaqlarının yekunları haqqında olub. Mövzu ilə bağlı çıxış edən akademik Arif Həşimov AMEA-nın 6 elmi bölməsinin həqiqi və müxbir üzvləri ilə son bir neçə gündə görüşlərin keçirildiyini, mövcud problemlərin dinlənildiyini, eləcə də Akademiyanın hazırkı potensialından istifadə etməklə gələcək fəaliyyət planının və yol xəritəsinin müəyyənləşdirilməsinə dair təkliflərin qəbul edildiyini diqqətə çatdırıb. Bildirib ki, bölmə üzvləri ilə görüşlərdə səsləndirilən bütün təkliflər bölmələrin elmi katiblərinin iştirakı əsasında süzgəcdən keçirilərək ümumiləşdiriləcək və AMEA-nın 27 aprel 2022-ci il tarixli Ümumi yığıncağının qərar layihəsində əksini tapacaq.

Məsələ ilə bağlı Rəyasət Heyətinin üzvləri, akademiklər – İsa Həbibbəyli, Rasim Əliquliyev, İradə Hüseynova, Adil Qəribov, Fikrət Əliyev, İsmayıl Hacıyev və Fuad Əliyev çıxış edərək fikir və təkliflərini səsləndiriblər.

Müzakirələrdən sonra Rəyasət Heyəti AMEA-nın 27 aprel 2022-ci il tarixli Ümumi yığıncağının yekunları haqqında qərar qəbul edib.

Tədbirdə, o cümlədən AMEA-nın Rəyasət Heyəti aparatının strukturunun və idarəetməsinin təkmilləşdirilməsi məqsədilə komissiya yaradılıb.

İclasda, həmçinin akademik İradə Hüseynova mayın 20-də Biologiya və Tibb Elmləri Bölməsinin və Genetik Ehtiyatlar İnstitutunun təşkilatçılığı ilə Tərtər rayonunun Şıxarx qəsəbəsində, Qarabağ Elmi Tədqiqat Bazasında keçiriləcək növbəti tarla seminarı haqqında məlumat verib. Qeyd edib ki, sözügedən tədbir ölkə başçısının çağırışlarından irəli gələrək respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsində, mədəni bitkilərin yeni sortlarının yaradılması və tətbiqində, eləcə də işğaldan azad edilmiş ərazilərdə kənd təsərrüfatının bərpası və inkişafında xüsusi əhəmiyyət kəsb edir.

Müzakirələrdən sonra AMEA-nın Rəyasət Heyətinin üzvlərinin də sözügedən tədbirdə iştirakı qərara alınıb.

Daha sonra AMEA-nın “Teknofest Azərbaycan” festivalında iştirakı üzrə İşçi qrupunun sədri, akademik Rasim Əliquliyev 26-29 may 2022-ci il tarixində Bakıda keçiriləcək “Teknofest Azərbaycan” Aviasiya, Kosmos və Texnologiya festivalı çərçivəsində təşkil olunacaq sərgidə Akademiyanın elmi müəssisə və təşkilatlarının iştirakına hazırlıqla bağlı məlumat verib. Akademik festivalın AMEA-nın nüfuzu üçün geniş imkanlar açdığını bildirib, hazırlıq işləri, eləcə də sərgilənəcək elmi nailiyyətlərlə bağlı mütəmadi olaraq AMEA-nın Rəyasət Heyəti aparatının İnformasiya şöbəsi tərəfindən reportajların, müsahibələrin hazırlanaraq KİV-də yayımının həyata keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, festivalın digər müəssisələr, həmçinin AMEA üçün ayrılmış pavilyonu 16-24 may tarixlərində sərgilərin hazırlanması məqsədilə iştirakçıların ixtiyarına veriləcək.

İclasda AMEA-nın festivalda yüksək səviyyədə iştirakı ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib, həmçinin Rəyasət Heyətinin üzvlərinin də festivala qatılması qərarlaşdırılıb.

Sonda çıxış edən akademik Arif Həşimov bir sıra məsələlərə toxunub, müəssisələrin Elmi şuralarında təsdiqlənmiş dissertasiya mövzularının adlarının problem şuralarında müzakirəsi ilə bağlı müvafiq addımların atılmasının, eləcə də respublikadakı elmi tədqiqatların koordinasiyasının gücləndirilməsinin vacibliyini bildirərək iclasa yekun vurub.

science.gov.az