AMEA-nın elmi müəssisə və təşkilatlarına məxsus Big Data resurslarının toplanması, saxlanılması və analitik emalı, elektron elmin maddi-texniki bazasının gücləndirilməsi, ölkəmizdə IV sənaye inqilabının imkan və çağırışlarının reallaşdırılması, o cümlədən süni intellekt texnologiyalarının tətbiqi məqsədilə İnformasiya Texnologiyaları İnstitutunun ərazisində müasir standartlara uyğun Elektron Elm Mərkəzinin yaradılmasına zərurət yaranıb.
Bununla əlaqədar olaraq AMEA-nın prezidenti vəzifəsini icra edən, akademik Arif Həşimov müvafiq alim və mütəxəssislərin iştirakı ilə İnformasiya Texnologiyaları İnstitutunda Elektron Elm Mərkəzinin binasının inşası məsələlərinə həsr olunmuş səyyar müşavirə keçirib.
Müşavirədə çıxış edən AMEA-nın vitse-prezidenti, institutun baş direktoru, akademik Rasim Əliquliyev qeyd edib ki, AzScienceNet şəbəkəsinin sürətli İnternet trafiki ilə beynəlxalq şəbəkəyə qoşulması nəticəsində elmi müəssisə və təşkilatların şəbəkə infrastrukturunun modernləşdirilməsi, maddi-texniki bazasının gücləndirilməsi və tədqiqat prosesində İKT-nin geniş tətbiqi müasir dövrün vacib tələblərindən birinə çevrilib.
Səyyar müşavirədə AzScienceNet elm kompüter şəbəkəsinin, e-elmin maddi-texniki bazasının və onların fəaliyyət göstərəcəyi işçi yerlərin, həmçinin, e-elmin zəruri funksiyalarını həyata keçirəcək struktur bölmələrinin yaradılması üçün əlavə istehsal sahələrinin inşası zərurətinin meydana çıxdığını, bu məqsədlə xüsusi tələblərə cavab verən Elektron Elm Mərkəzinin təşkilinə ciddi ehtiyac yarandığı vurğulanıb.
Həmçinin müşavirədə iştirak edən alim və mütəxəssislər tərəfindən qeyd olunub ki, bu mərkəz AzScienceNet-in şəbəkə infrastrukturunun imkan və resurslarından daha səmərəli idarə edilməsi, habelə ölkəmizdə IV sənaye inqilabının imkan və çağırışlarının reallaşdırılması, süni intellekt texnologiyalarının elmi araşdırmalarda tətbiqi üçün mühüm rol oynayacaqdır.
Akademik A.Həşimov Elektron Elm Mərkəzinin inşası üçün layihələndirmə işlərinin aparıldığını, müvafiq qurumlardan razılıqların əldə olunduğunu, bu istiqamətdə tələb olunan tədbirlərin həyata keçirildiyini qeyd edib.