Arxiv
Radiasiya Problemləri İnstitutunda “Spektroskopik Tədqiqat Metodları” mövzusunda elmi seminar keçirilib
24.05.2022

AMEA-nın Radiasiya Problemləri İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkilatçılığı ilə “Spektroskopik tədqiqat metodları” mövzusunda elmi seminar keçirilib.

Tədbirdə AMEA-nın digər institutlarından olan iştirakçılarla yanaşı, bir sıra ali təhsil müəssisələrindən olan bakalavr, magistr və doktorantlar da iştirak edib.

Seminarda giriş sözü ilə çıxış edən institutun laboratoriya rəhbəri, kimya elmləri doktoru, professor Müslüm Qurbanov iştirakçıları salamlayaraq mövzu ətrafında öz fikirlərini səsləndirib.

Sonra çıxış edən institutun baş elmi işçisi, fizika üzrə elmlər doktoru Nüşabə Hacıyeva spektroskopik tədqiqatların tarixi və bu istiqamətdə institutda aparılan tədqiqatları tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra institutun aparıcı elmi işçisi, fizika üzrə fəlsəfə doktoru, dosent Sevinc Məlikova sözügedən mövzuda məruzə ilə çıxış edib. S.Məlikova öz məruzəsində molekulyar spektroskopik metodlar (İQ-spektroskopiya, Raman spektroskopiya, UB spektroskopiya) haqqında ümumi məlumat verib. Seminar zamanı spektroskopiya sahəsində ən müasir cihazlar haqqında məlumatların da yer aldığı poster-təqdimat nümayiş olunub.

Məruzə maraqla qarşılanıb və sonda iştirakçıların çoxsaylı sualları cavablandırılıb.

Gənc Alim və Mütəxəssislər Şurasının sədri Əli Məmmədov çıxış edərək gələcəkdə bu sahədə treninqlərin keçirələcəyini qeyd edib.