Arxiv
Botanika İnstitutunda magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib
24.06.2022

Bu gün AMEA-nın Botanika İnstitutunda “Biologiya” ixtisası üzrə 2021-2022-ci il tədris ilində elmi-tədqiqat və elmi-pedaqoji təcrübələri uğurla başa vurmuş II kurs magistrantların dissertasiya işlərinin müdafiəsi keçirilib. “Mikologiya” ixtisaslaşması üzrə Abbasova Aysel Səməd qızı, Apbayeva Xədicə Rövşən qızı və “Botanika” ixtisaslaşması üzrə Rəsulzadə Günay Müzəffər qızı, Seyidova Lamiyə Mirdamət qızı, Süleymanzadə Gövhər Rəfail qızı Müdafiə Şurasının üzvləri və institutun kollektivi qarşısında dissertasiya işlərinin əsas müddəalarını təqdim ediblər.

Magistrantlar dissertasiya işlərinə dair təqdimatla çıxış edərək aparılan tədqiqatlar və əldə olunan nəticələr barədə ətraflı məlumat verib, sualları cavablandırıblar.

Magistr dissertasiyalarının müdafiəsi üzrə ixtisaslaşdırılmış elmi şuranın sədri, biologiya elmləri doktoru Şakir Qasımov magistrantların tədris planlarında nəzərdə tutulan nəzəri və təcrübi hazırlığı tam yerinə yetirdiklərini və elmi-tədqiqat işini uğurla başa çatdırdıqlarını qeyd edib.

Magistrantlar öz çıxışlarının sonunda institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva başda olmaqla elmi rəhbərlərinə, müəllimlərinə onlar üçün yaradılan şəraitə və qazandıqları uğurlara görə dərin minnətdarlıqlarını bildiriblər.

Sonda İnstitutun baş direktoru professor S.İbadullayeva magistrantları təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb.