İyulun 5-də “Texnologiya və innovasiya” üzrə işçi qrupunun “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin (H indeksi) yaxşılaşdırılması üzrə” altqrupunun TÜBİTAK rəhbərliyi ilə görüşü baş tutub.
Görüşdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi, eyni zamanda İqtisadiyyat Nazirliyi, Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elmin İnkişafı Fondu, Azərbaycan Dövlət İqtisad Universiteti və eyni zamanda ekspertlər iştirak ediblər.
Görüş zamanı “Elmi nəşrlərlə bağlı beynəlxalq reytinq göstəricilərinin yaxşılaşdırılması ilə əlaqədar 2022-ci il üzrə Yol Xəritəsi” təqdim olunub, Yol Xəritəsinin icrası ilə bağlı görülmüş işlər barədə TÜBİTAK-ın rəhbərliyinə məlumat verilib.
Eyni zamanda TÜBİTAK-ın ekspertləri tərəfindən elmi nəşrlərin yaxşılaşdırılması istiqamətində Türkiyə Respublikası tərəfindən həyata keçirilən tədbirlərə dair təqdimat nümayiş olunub. Görüş çərçivəsində elmi nəşrlərə dair elektron arxivin və elektron kitabxananın yaradılması, elmi nəşrlərin stimullaşdırılması istiqamətində dövlət dəstək mexanizmləri və s. müzakirə edilib.
Görüşün yekununda, Türkiyə Respublikası ilə gələcək əməkdaşların perspektivləri müzakirə olunub və mütəmadi görüşlərin keçirilməsinə dair qərar qəbul edilib.
Qeyd edək ki, görüşdə AMEA tərəfdən Akademiyanın Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, sözügedən altqrupun üzvü, fizika üzrə fəlsəfə doktoru, dosent Rüstəm Rüstəmov və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayeva iştirak ediblər.