Arxiv
AMEA-da Avropa Komissiyasının Ağıllı İxtisaslaşma Strategiyaları üzrə müzakirələr aparılıb
26.08.2022

Avropa Komissiyasının innovasiya konsepsiyası olan Ağıllı İxtisaslaşma Strategiyaları (Smart Specialization Strategies) “Horizon Avropa” və AB-nin digər ağıllı inkişafla əlaqəli alətləri arasında sinerjinin inkişafı üçün mühüm vasitədir.

AMEA-nın prezidenti v.i.e., akademik Arif Həşimov tərəfindən Azərbaycanda Ağıllı İxtisaslaşma Strategiyaları istiqamətində fəaliyyətin müzakirəsinə dair toplantı keçirilib. Toplantıda AMEA-nın vitse-prezidenti, Horizon Avropa Proqramı üzrə Milli Əlaqələndirici Şəxslər Şəbəkəsinin koordinatoru, akademik İbrahim Quliyev, AMEA Rəyasət Heyəti aparatının Elmi-təşkilat idarəsinin rəisi, dosent Rüstəm Rüstəmov və Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin müdiri, dosent Esmira Əlirzayeva, Birgə Tədqiqat Mərkəzi üzrə milli əlaqələndirici şəxs dosent Rüfət Efendiyev iştirak ediblər.

Rüfət Efendiyev Ağıllı İxtisaslaşma Strategiyalarının məqsədi və hədəfləri, Şərq Tərəfdaşlığı ölkələrində bu proqram üzrə fəaliyyətin cari vəziyyəti, Avropanın bəzi ölkələrində fəaliyyətdə olan Ağıllı İxtisaslaşma Strategiyaları və bu istiqamətdə əldə edilmiş nailiyyətlər haqqında məlumat verib. Bildirilib ki, AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq elmi əməkdaşlıq şöbəsinin təşkilatçılığı ilə Avropa Komissiyanın müvafiq nümayəndələri ilə onlayn formatda bir neçə görüş keçirilib, Azərbaycanda bu proqramın inkişaf perspektivləri müzakirə edilib.

Akademik Arif Həşimov ölkə üçün strateji əhəmiyyət kəsb edən sahələrin, aktual problemlərin və onların həllində innovativ texnologiyaların tətbiqi üzrə təcrübənin müəyyənləşdirilməsinin əhəmiyyətini vurğulayıb. Toplantı zamanı Azərbaycan üçün prioritet sahələr üzrə geniş müzakirələr aparılıb və təkliflər səsləndirilib və bu təkliflərin Avropa Komissiyasının Birgə Tədqiqat Mərkəzi üzrə müvafiq mütəxəssisləri ilə müzakirəsi üzrə razılıq əldə edilib.