Arxiv
“Biologiyada elmi nailiyyətlər və çağırışlar” mövzusunda beynəlxalq konfransın açılışı olub
14.10.2022

Bakı Dövlət Universiteti (BDU), ICESCO, İzmir Yüksək Texnologiya İnstitutu (Türkiyə) və Lahore Universitetinin (Pakistan) birgə təşkilatçılığı ilə akademik Mirəli Axundovun anadan olmasının 120 illiyinə həsr edilən “Biologiyada nailiyyətlər və çağırışlar” mövzusunda 11-ci beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Əvvəlcə Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan qəhrəman Vətən övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Konfransın açılışında BDU-nun rektoru Elçin Babayev çıxış edərək bildirib ki, ölkəmizdə dünya elminin tələblərinə cavab verən tədqiqatların aparılması, elmi-texniki potensialın inkişafı, eləcə də yüksəkixtisaslı kadrların hazırlanması dövlət siyasətinin prioritet istiqamətlərindəndir.

İzmir Yüksək Texnologiya İnstitutunun rektoru Yusuf Baran həm Azərbaycanın, həm də Asiyanın ən yaxşı universitetlərindən olan BDU-da keçirilən konfransın böyük əhəmiyyətə malik olduğunu vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Daha sonra Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli, Milli Məclisin deputatı, BDU-nun Genetika kafedrasının müdiri Kamilə Əliyeva, AMEA-nın vitse-prezidenti, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun baş direktoru, akademik İradə Hüseynova, Biofizika İnstitutunun baş direktoru, AMEA-nın müxbir üzvü Oktay Qasımov, Bolqarıstanın Mikrobiologiya İnstitutunun əməkdaşı Lyudmila Kabaivanova, Qazaxıstanın L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin Hüceyrə Biologiyası və Biotexnologiyaları İnstitutunun direktoru Rahmetkaji Bersimbay, V.Axundov adına Milli Elmi-Tədqiqat Tibbi Profilaktika İnstitutunun direktoru Adil Allahverdiyev, BDU-nun Biologiya fakültəsinin dekanı Afət Məmmədova, Mirəli Axundovun övladı, Genetika və təkamül təlimi kafedrasının professoru Ellada Axundova çıxışlarında biologiya elminin prioritet istiqamətləri, aktual problemləri barədə danışıb, bu sahədəki bilik və bacarıqların optimallaşdırılması, habelə elmi əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulayıblar.

AzərTac