AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunda 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunan tədbir keçirilib. Tədbiri İnstitutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva açaraq, Azərbaycanın dövlət müstəqilliyinin tarixi və bərpası haqqında danışıb. Bildirilib ki, bu gün Azərbaycan tarixinin ən mühüm günlərindən biridir. XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə yenidən bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirələr aparıb. Nəhayət, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918–1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. 1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılıb və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs verib. Azərbaycanın müstəqilliyi bərpa olunandan sonra dövlət bayrağı, himni və gerbi haqqında da qanunlar qəbul edilib. Azərbaycan xalqı 2021-ci ildən sonra artıq bu bayramı tam fərqli olaraq öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir. Bu baxımdan dövlətçilik tariximizdə müstəsna əhəmiyyətli mərhələlərin, xüsusən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlərin onların mahiyyəti və məzmununa uyğun daha dəqiq ifadə olunması böyük önəm kəsb edir.
Natiq öz çıxışında vurğulayıb ki, ötən illər ərzində ümummilli lider Heydər Əliyev və layiqli davamçısı İlham Əliyevin rəhbərliyi və uzaqgörən siyasətləri sayəsində Azərbaycanın çoxəsirlik tarixə malik dövlətçilik ideyaları yeni, daha mütərəqqi formada dirçəlmiş, bizim müasir dövlətçiliyimizin tarixi və mənəvi təməlini təşkil etmişdir.
S.İbadullayeva sonda kollektivi bu tarixi gün münasibətilə təbrik edib, sağlıq və elmi nailiyyətlər arzulayıb.