Arxiv
Azərbaycanlı gənc alim və mütəxəssislər Rusiyada beynəlxalq forumda iştirak ediblər
10.11.2022

Rusiya Federasiyasının Nijni Novqorod şəhərində “Sərhədsiz elm” mövzusunda beynəlxalq forum keçirilib.

Rusiya Elmlər Akademiyasının 300 illik yubileyinə həsr olunmuş tədbirlər çərçivəsində baş tutan beynəlxalq foruma 400-ə yaxın iştirakçı qatılıb.

Forumda AMEA-nın Gənc Alim və Müxtəxəssislər Şurasının sədri, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun aparıcı elmi işçisi, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevin rəhbərliyi ilə gənclərdən ibarət Azərbaycan nümayəndə heyəti də iştirak edib.

Beynəlxalq tədbir çərçivəsində “Gənc alimlərin elmi-texniki fəaliyyətinin genişləndirilməsi və möhkəmləndirilməsi” sessiyasında Elmir Babayev çıxış edərək forumun mahiyyətindən danışıb. O, əməkdaşlıq perspektivlərinin və beynəlxalq əlaqələrin formalaşması baxımdan bu cür tədbirlərin vacibliyini vurğulayıb.

Forumda iştirak edən AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun elmi işçisi, institutun Gənc Alim və Müxtəxəssislər Şurasının sədri Aydan Zeynalova Rusiya Elmlər Akademiyasının akademiki A.P.Qluşkinin sədrliyi ilə “Qida təhlükəsizliyi” sessiyasında “Azərbaycanda yayılan Punica granatum L. bitkisinin fitokimyəvi tərkibi və bioloji aktivliyi” mözusunda məruzə ilə çıxış edib. Müsabiqə xarakterli olan sessiyada gənc alim A.Zeynalovanın məruzəsi münsiflər heyəti tərəfindən yüksək qiymətləndirilib, diplom və mükafata layiq görülüb. 

Qeyd edək ki, forumda AR Elm və Təhsil Nazirliyinin Fizika İnstitutunun baş mütəxəssisi Ceyhun Quliyev və Neft və Qaz İnstitutunun İctimaiyyətlə əlaqələr üzrə şöbə müdiri Könül Abbasova da iştirak ediblər.