Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayevlə görüşüb.
AMEA-da çalışan gənc alimlərin problemləri ilə bağlı geniş müzakirələr aparılan görüşdə akademik İsa Həbibbəyli gənc alim və mütəxəssislərin elmi-tədqiqat işlərinin səmərəliliyinin artırılması məqsədilə bir sıra tədbirlərin həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb. AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının təsisçiliyi ilə çap olunan “Gənc tədqiqatçı” jurnalının dövriliyinin artırılması, növbəti ildən 4 nömrəsinin, bir nömrənin isə ingilis dilində nəşr edilməsi barədə müvafiq tapşırıqlarını verən akademik İsa Həbibbəyli gənc alimlərin elmi yaradıcılığının inkişafına müvafiq dəstək göstərilməsinin əhəmiyyətini bildirib.
Azərbaycan elminin dünya elminə inteqrasiyası və AMEA-nın dünyanın aparıcı elm mərkəzləri ilə əlaqələrinin genişləndirilməsində gənc alimlərin roluna toxunan AMEA rəhbəri Akademiyada ölkəmizin inkişafına töhfə verə biləcək yüksəkixtisaslı kadrların hazırlığına xüsusi diqqət yetirildiyini deyib. AMEA-da çalışan gənc alimlərin xarici ölkələrin elmi-tədqiqat qurumlarına təcrübəyə göndərilməsinin əhəmiyyətini vurğulayan AMEA rəhbəri bu istiqamətdə artıq bir sıra mühüm tədbirlərin həyata keçirildiyini söyləyib. Akademik İsa Həbibbəyli bu prosesə daha çox gənc alimlərin cəlb edilməsi üçün onların ingilis dilini öyrənməsinə xüsusi diqqət yetirilməsinin vacibliyini bildirərək bu məqsədlə AMEA tərəfindən müvafiq fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsini diqqətə çatdırıb.
Akademik İsa Həbibbəyli Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasında və yeni nəslin vətənpərvər, Azərbaycançılıq ideologiyasının işığında yetişməsində gənc alimlərin üzərinə düşən vəzifələrdən də danışıb və Prezident İlham Əliyevin Azərbaycan elmi qarşısında müəyyənləşdirdiyi çağırışların həyata keçirilməsində gənc alimləri aktiv olmağa çağırıb.
Sonra çıxış edən AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının sədri, kimya üzrə fəlsəfə doktoru Elmir Babayev göstərilən diqqət və qayğıya görə akademik İsa Həbibbəyliyə minnətdarlığını bildirib. O, Azərbaycan elminin dünya elminə inteqrasiyası və əldə olunan elmi nəticələrin beynəlxalq miqyasda təbliği istiqamətində gənc alimlər tərəfindən bir sıra əməli tədbirlərin həyata keçirildiyini, Akademiyanın gənc mütəxəssislərinin beynəlxalq konfranslarda aktiv iştirak etdiklərini və xarici həmkarları ilə geniş əlaqələr qurduqlarını söyləyib. Elmir Babayev gənc alimlərin AMEA rəhbərliyi tərəfindən xarici ölkələrin elm mərkəzlərinə təcrübəyə göndərilməsinin Azərbaycan elminin inkişafına və respublikamızda yüksəkixtisaslı kadr hazırlığı prosesinə mühüm töhfə verəcəyini deyib. Qeyd edib ki, AMEA-nın gənc alimləri bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, xüsusilə Qarabağda və Şərqi Zəngəzurda aparılan geniş quruculuq işlərini dəstəkləyir, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında və informasiya məkanında aktiv rol oynayırlar.
Görüşün sonunda akademik İsa Həbibbəyli gənc alimlərlə bağlı bir sıra tapşırıq və tövsiyələrini çatdırıb.