Azərbaycanın bitki müxtəlifliyinin mühafizəsi və davamlı istifadəsi üzrə Kyu Kral Botanika Bağları (KKBB) ilə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində institutun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva, Etnobotanika şöbəsinin elmi işçisi, b.ü.f.d. Nuri Mövsümova və Təhsil şöbəsinin müdiri, b.ü.f.d. Kəmalə Əsədova Böyük Britaniyanın London şəhərində elmi ezamiyyətdə olublar.
Ezamiyyətin məqsədi Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birgə həyata keçirilmiş layihənin və yeni layihənin müzakirəsi olub. Minilliyin Toxum Bankının (MTB) Qafqaz regionu üzrə proqramlarının koordinatoru Ian Uilleyin təşkilatçılığı ilə bir sıra görüşlər keçirilib. MTB-nın layihə koordinatoru Aishay Faruk ilə görüş zamanı “Təhlükə altında olan biomüxtəlifliyin qaynar nöqtələri” layihəsi üzrə həyata keçirilmiş tədqiqat işlərinin nəticələrinə və gələcək perspektivlərinə dair müzakirələr aparılıb. Həmçinin Kyu Kral Botanika Bağlarının proqram rəhbəri Dr. Bob Allkinlə birlikdə Azərbaycanın zəngin dərman bitki növlərinə dair məlumat mübadiləsi aparılıb, planlaşdırılan birgə layihə müzakirə edilib və ilkin addımlar atılıb. Yeni layihə üzrə KKBB-nın “Sağlamlıq üçün bitkilər” təşəbbüsü altında dərman bitkilərinin qlobal kataloqunun genişləndirilməsi üçün tədqiqatlara başlanılmasına start verilib. Bu tədqiqatların mərhələli və uzunmüddətli aparılması nəzərdə tutulub.
Əməkdaşlar səfər müddətində KKBB-nın Herbari fondu və tədqiqat sahələri ilə yaxından tanış olub, burada bitkilərin saxlanma və mühafizə şəraiti üzrə bir sıra mütəxəssislərlə fikir mübadiləsi aparıblar.
Səfər müddətində baş direktor S.İbadullayeva Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanovla görüşüb. Görüş zamanı S.İbadullayeva Botanika İnstitutunda təhsil alan doktorant və dissertantların Britaniyanın tədqiqat mərkəzlərində təcrübə keçməsi üçün imkanların olduğunu vurğulayıb və bu istiqamətdə müəyyən şəraitin yaradılması müzakirə edilib.