Arxiv
AMEA-nın tabeliyində olan və əhatə etdiyi müəssisələrin Təhsil şöbələrinin rəhbərləri ilə görüş keçirilib
26.01.2023

Yanvarın 26-da Mərkəzi Elmi Kitabxanada AMEA-nın Rəyasət Heyəti aparatının Elm və təhsil şöbəsinin təşkilatçılığı ilə Akademiyanın tabeliyində olan və əhatə etdiyi müəssisələrin Təhsil şöbələrinin rəhbərləri və təhsilə məsul şəxslərlə görüş keçirilib.

Tədbirdə Elm və təhsil şöbəsinin müdiri, texnika elmləri üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynov, AMEA-nın Mərkəzi Elmi Kitabxanasının baş direktoru, professor Məmməd Əliyev, Elm və təhsil şöbəsinin müdir müavini, fəlsəfə üzrə fəlsəfə doktoru Vüsal Zülfüqarov, şöbənin əməkdaşları və elmi müəssisələrin təhsilə məsul şəxsləri iştirak edib.

Görüşdə vurğulanıb ki, ölkə başçısı tərəfindən “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” 28 iyul 2022-ci il tarixli Fərman imzalanıb. Fərmana əsasən, AMEA-nın bir sıra elmi müəssisə və təşkilatları Elm və Təhsil Nazirliyinin tabeliyinə verilib. Tədbirdə həmin müəssisələrdə, eləcə də AMEA-nın elmi müəssisələrində tədris prosesi ilə əlaqədar işlər, tədris planları, qış imtahan sessiyasının gedişatı, növbəti semestr üçün dərs cədvəlləri, Təhsil tələbə kredit fonduna olan müraciətlər və digər cari məsələlər barədə müzakirələr aparılaraq çoxsaylı suallar cavablandırılıb.