Arxiv
Dissertasiya şuralarının fəaliyyətinin nəticələrinə dair müzakirələr aparılıb
03.03.2023

Martın 1-də AMEA-nın Rəyasət Heyətinin binasında 2019-2022-ci illər ərzində Azərbaycan Respublikasının elmi müəssisə və təşkilatlarının, ali təhsil müəssisələrinin nəzdində fəaliyyət göstərmiş dissertasiya şuralarının fəaliyyətinin nəticələrinə dair yığıncaq keçirilib.

Yığıncaqda AMEA Rəyasət Heyətinin üzvləri, bir sıra dövlət qurumlarının rəhbərləri, ali təhsil müəssisələrinin rektorları, respublika üzrə dissertasiya şuralarının sədrləri və elmi katibləri, AMEA-nın elmi müəssisə və təşkilatlarının nümayəndələri iştirak ediblər.

Tədbirdə giriş nitqi ilə çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli bildirib ki, bugünkü iclasla Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası (AAK) Azərbaycan cəmiyyəti ilə dialoqda özünün hesabatını təqdim edir və müzakirələr aparmağa açıq olduğunu bəyan edir. Ali Attestasiya Komissiyasının elmdə Azərbaycanın milli, dövlətçilik və bəşəri maraqlarını qorumağa xidmət etdiyini deyən AMEA rəhbəri AAK-ın son illərdə Azərbaycan elminə əhəmiyyətli töhfələr verdiyini söyləyib.

“Ali Attestasiya Komissiyasının əsasnaməsi son bir neçə ildə yenilənərək ölkədə kadr hazırlığına və dünyada gedən proseslərə uyğunlaşdırılıb. Təkmilləşdirilmiş əsasnamədəki prosedurlar iddiaçıların xeyrinə olaraq xeyli dərəcədə sadələşdirilib və elmi kadrların kəmiyyətcə və keyfiyyətcə yenidən hazırlanmasına xidmət etməyə doğru istiqamətləndirilib. Bu gün aparılacaq müzakirələr, səsləndiriləcək fikirlər, təkliflər ümumiyyətlə ölkəmizdə elmi kadrların hazırlanması və qurumun fəaliyyətinin təkmilləşdirilməsi, yeniləşdirilməsi istiqamətində atılacaq daha bir addım olacaqdır. Bu gün dinləyəcəyimiz hesabat bir növ respublikanın elmi müəssisə və təşkilatlarının, eləcə də ali təhsil müəssisələrinin nəzdindəki dissertasiya şuralarının fəaliyyətinin monitorinqidir. Bu isə öz növbəsində bundan sonrakı mərhələdə dissertasiya şuralarının fəaliyyətini yenidən qurmağa və qarşıda duran vəzifələrimizi müəyyən etməyə kömək edəcək”, - deyə akademik İsa Həbibbəyli vurğulayıb.

AMEA rəhbəri qeyd edib ki, bütövlükdə aparılan müzakirələr Prezident İlham Əliyevin Azərbaycan elmi qarşısında qoyduğu vəzifələrin, ölkəmizdə yeni nəsil elmi kadrların hazırlanması istiqamətində uyğun vəzifələrin həyata keçirilməsi sahəsində yeni çağırışları meydana qoyan əhəmiyyətli tədbirə çevriləcək.

Sonra Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri, iqtisad elmləri doktoru, professor Famil Mustafayevin 2019-2022-ci illərdə Azərbaycan Respublikasında elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı hesabat məruzəsi dinlənilib. Famil Mustafayev bildirib ki, ölkə başçısı İlham Əliyevin 2019-cu il 11 iyun tarixli Fərmanı ilə təsdiq edilmiş elmi dərəcə və elmi adların verilməsi qaydası haqqında əsasnamələr bu sahədəki fəaliyyətin yeni dövrünün başlanğıcı hesab edilir. Qeyd edib ki, keçən 3 il ərzində dissertasiya şuraları və elmi seminarların fəaliyyəti yeni qaydalar üzrə təşkil olunub, müdafiə və səsvermə prosedurlarının keçirilməsində əsaslı dəyişikliklər edilib.

Pandemiyanın meydana çıxması və xüsusi karantin rejiminə uyğun olaraq müasir texnologiyaların tətbiqi ilə elmi seminar və müdafiələrin onlayn formatda keçirildiyini deyən AAK-ın sədri səsvermə prosedurlarının onlayn keçirilməsinin şəffaflığın təmin edilməsi baxımından gələcəkdə də tətbiqinin zəruri olduğunu vurğulayıb.

Prezident İlham Əliyevin 2022-ci il 26 noyabr tarixli Fərmanı ilə müvafiq əsasnamələrə dəyişikliklər haqqında ətraflı məlumat verən AAK-ın sədri həmin dəyişikliklərin həm elmin gəncləşməsinə, həm də elmi dərəcə və adların verilməsi prosedurlarına müsbət təsir göstərəcəyini bildirib.

Hesabat dövründə dissertasiya şuralarının fəaliyyətinə dair statistik məlumatları təqdim edən Famil Mustafayev müvafiq əsasnamələrin qəbulundan sonra Komissiyada 25 elm sahəsi üzrə 1034 şəxsə elmi dərəcənin verildiyini, imtina barədə 452 qərarın qəbul edildiyini nəzərə çatdırıb. Ali təhsil müəssisələri üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilməsindən imtina edilmiş işlərin sayı 198, elmi müəssisə və təşkilatlar üzrə isə 212 olub. Elmi plagiat hallarının təəssüf doğurduğunu vurğulayan Famil Mustafayev plagiat faktları əsasında fəlsəfə doktoru elmi dərəcəsinin verilməsindən imtina edilmiş işlərin sayının 70 olduğunu bildirib. Qeyd olunub ki, elmlər doktoru elmi dərəcəsi üzrə isə Komissiyaya 213 iş daxil olub, 156 şəxsə elmlər doktoru elmlər dərəcəsinin verilməsi haqqında qərar qəbul olunub. İmtina edilmiş işlərin sayı isə 42 olub.

Elmi adlar üzrə statistik məlumatları da təqdim edən AAK-ın sədri hesabat dövründə 353 şəxsə “Dosent” adının, 57 şəxsə isə “Professor” elmi adının verildiyini bildirib, həmçinin nostrifikasiya və təkrar attestasiya əsasında 76 nəfərin sənədinin tanındığını diqqətə çatdırıb.

Daha sonra dissertasiya şuralarının işindəki nöqsanlardan da bəhs edən Famil Mustafayev Azərbaycan Respublikası Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının fəaliyyətinin təkmilləşdirilməsi, hər bir sahə üzrə təsdiq edilmiş işlərin reyestrinin yaradılmasının əhəmiyyətini qeyd edib.

Elm və təhsil naziri Emin Əmrullayev çıxışında elmi dərəcələrin və elmi adların verilməsi ilə bağlı hesabatın ictimaiyyətə təqdim olunmasının və bu istiqamətdə müzakirələrin aparılmasının görülən işlərin keyfiyyətinin yüksəldilməsinə xidmət edəcəyini deyib.

Sonra dissertasiya şuralarının fəaliyyətinə dair müzakirələr aparılıb.

Müzakirələrdə akademik Vaqif Abbasov, AMEA-nın müxbir üzvü Nuru Bayramov, professor İlham Məmmədzadə, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin rektoru Mustafa Babanlı və Azərbaycan Dövlət Aqrar Universitetinin elmi katibi Səbuhi Məmmədov çıxış edərək fikir və təkliflərini səsləndirib, hesabatı qənaətbəxş qiymətləndiriblər.

Çıxışlardan sonra Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayev səsləndirilən sualları cavablandırıb.

Sonda çıxış edən AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli dissertasiya işlərinin keyfiyyətinə diqqətin artırılmasının və problem şuralarının strukturuna yenidən baxılmasının vacibliyini bildirib. Həmçinin elmdə qocalmanın qarşısının alınması və yeni nəsil elmi kadrların yetişdirilməsi məqsədilə fəlsəfə doktorluğu üzrə dissertasiya işini vaxtından əvvəl yazıb bitirən iddiaçıların müdafiəyə növbədənkənar buraxılmasının əhəmiyyətini vurğulayıb.

science.gov.az