Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin hazırlanması üzrə Redaksiya heyəti və işçi qruplarının növbəti toplantısında kitabın yekun variantı ilə bağlı bəzi razılaşdırmaların aparılması üzrə müzakirələr aparılıb.
“Qırmızı kitab”ın Redaksiya heyətinin sədr müavini, AMEA-nın vitse-prezidenti, akademik İradə Hüseynova və Redaksiya heyətinin üzvü, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, b.ü.f.d. Vüqar Kərimovun sədrliyi ilə təşkil edilmiş iclasda AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, b.e.d., prof. Səyyarə İbadullayeva və institutun məsul əməkdaşları, ETN Zoologiya İnstitutunun direktoru v.i.e., a.e.ü.f.d. Ələddin Eyvazov və icraçı direktoru, b.e.d., dos. Elşad Əhmədov, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Geodeziya və Kartoqrafiya Agentliyinin direktoru Nazim İsmayılov və b. iştirak ediblər.
Toplantını giriş sözü ilə açan akademik İradə Hüseynova “Qırmızı kitab”ın hazırlanması ilə bağlı əksər işlərin başa çatdırıldığını bildirərək görülmüş işlərin böyük həcminə diqqət çəkib, müzakirəyə çıxarılmış məsələlərlə bağlı ortaq qərarların qəbul edilməsinin vacibliyi haqqında məlumat verib.
B.ü.f.d. Vüqar Kərimov “Qırmızı kitab”ın hazırlanmasında böyük əmək sərf etmiş elmi kollektivlərə təşəkkürlərini bildirib, kitabın üz qabığı, cildlərinin fərqləndirici adları, bəzi dizayn məsələləri kimi razılaşdırılmalı məsələlərin qaldığını qeyd edib və onlarla bağlı öz möveyini toplantı iştirakçılarının diqqətinə çatdırıb.
İclasda müzakirəyə çıxarılmış məsələlər üzrə ümumi fikir formalaşdırılıb, ümumi razılaşdırılmış qərarlar qəbul edilib.
Müzakirələrə yekun vuran akademik İradə Hüseynova Azərbaycan Respublikasının “Qırmızı kitab”ının III nəşrinin Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə dəyərli töhfə olacağını qeyd edib.