Zəngilandan Xarıbülbül cinsinə aid iki yeni növ tapılaraq “Qırmızı kitab”a əlavə edilib.
Bunu jurnalistlərə açıqlamasında Botanika İnstitutunun direktoru, professor Səyyarə İbadullayeva deyib. Onun sözlərinə görə, son dövrlərdə bitkilərin məhvi ən çox qlobal istiləşmə ilə əlaqələndirilsə də, alimlərin fikrincə, əsas səbəb antropogen faktorlardır.
O bildirib ki, “Qırmızı kitab”ın üçüncü nəşri üçün Qarabağda da təftiş aparılıb: “Topxana meşəsini də ANAMA-nın iştirakı ilə təftiş etdik. Oranın vəziyyəti, müasir florasını qismən də olsa “Qırmızı kitab”ın üçüncü nəşrinə əlavə etdik. Zəngilandan Xarıbülbül cinsinə aid iki yeni növ tapılıb. Ən çox itməkdə olan həmin Xarıbülbül növləri indiyəcən Azərbaycan florası üçün göstərilməyib. Ümumilikdə əməkdaşlarımız 86 ildir toplanılmayan Azərbaycan florasında olan bitkiləri toplayıblar, şəkilləri çəkilib, yerləri müəyyən edilib.
“Qırmızı kitab”ın yazılması həm Botanika İnstitutunun Herbari fondunu zənginləşdirdi, həm də çox yeniliklər əldə edildi”.