Arxiv
Botanika İnstitutunun əməkdaşları “Qırmızı Kitab”ının III nəşrinin hazırlanmasında xidmətlərinə görə təltif olunublar
20.06.2023

AR Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva və institutun əməkdaşları Sistematika və biomüxtəliflik şöbəsinin müdiri, b.e.d. Aydın Əskərov, Mikologiya şöbəsinin müdiri, b.e.d. Dilzarə Ağayeva Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş Azərbaycan Respublikasının “Qırmızı Kitab”ının III nəşrinin elmi mətninin hazırlanmasında mühüm xidmətinə görə Fəxri Fərmanı, Etnobotanika şöbəsinin aparıcı elmi işçiləri, fizika-riyaziyyat elmləri üzrə fəlsəfə doktoru Elman Yusifov və b.ü.f.d. Nuri Mövsümova “Qırmızı Kitab”ının III nəşrinin elmi mətninin hazırlanmasında fəaliyyətini nəzərə alaraq elmin populyarlaşmasında xidmətlərinə görə fəxri diplomu, Geobotanika şöbəsinin elmi işçisi Yusif Abıyev isə “Qırmızı Kitab”ının III nəşrinin elmi mətninin hazırlanmasında mühüm xitmətinə görə “İlin gənc alimi” diplomu ilə təltif olunublar.

Diplomlar Rəyasət Heyətinin 26 may 2023-cü il tarixli qərarı ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli tərəfindən Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr edilmiş “Heydər Əliyev və Azərbaycan təbiəti” mövzusunda keçirilən beynəlxalq konfrans tədbirində təqdim olunub.

İnstitutun kollektivi adından alimlərimizi təbrik edir və fəaliyyətlərində uğurlar arzulayırıq.