Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, b.e.d., professor Səyyarə İbadullayeva və Mikologiya şöbəsinin müdiri, b.e.d., dosent Dilzarə Ağayeva Böyük Britaniyanın London şəhərində ezamiyyətdə olublar.
Səfərin məqsədi Kyu Kral Botanika Bağlarının (KKBB, Böyük Britaniya) təşkilatçılığı ilə keçirilən “Dünya bitki və göbələklərinin vəziyyəti” adlı beynəlxalq simpoziumda iştirak etmək və mövcud əməkdaşlığın, eləcə də digər prioritet istiqamətlər üzrə görülə biləcək işlərin müzakirəsi olub.
Kral Botanika Bağlarının təşkil etdiyi beynəlxalq elm və siyasət simpoziumuna 1500-dən çox iştirakçının hibrid formatda qatıldığı tədbirdə bitki və göbələklərin müxtəlifliyi, yayılması, təhlükələri və qorunması ilə bağlı geniş müzakirələr aparılıb. Afrika başda olmaqla, biomüxtəlifliyin böyük kütləsinin yerləşdiyi cənub yarımkürə üzrə bir çox işlərin öz həllini tapdığı və resursların bəzi ölkələr üzrə sərbəst şəkildə təmin olunmasının mümkünlüyünü nəzərə alaraq növbəti illərdə Asiya qitəsi üzrə tədqiqatlara daha çox diqqət verilməsinin vacibliyi qeyd edilib. Həmçinin qlobal olaraq 3F konsepsiyası, yəni Flora, Fauna terminləri ilə yanaşı, Funga terminin istifadəsi təklif edilib və dəstəklənib.
Tədbirdə Botanika İnstitutu tərəfindən “Azərbaycanda bitki və makrogöbələklərin qorunması və qiymətləndirilmə aparılmış növlər” mövzusunda məruzə, həmçinin poster təqdim edilib. Kyu Kral Botanika Bağlarının elm üzrə direktoru, professor Aleksandr Antonelli ilə Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva arasında Anlaşma memorandumu bağlanıb. Anlaşma memorandumuna əsasən yerinə yetirilən işlər və gələcək fəaliyyətlər, gənc alim və doktorantların Kyu Botanika Bağında təcrübə, təlim keçməsi və tədqiqatlar aparması, o cümlədən yeni qrant hesabına ölkəmizdə nadir və nəsli kəsilmək təhlükəsində olan növlərin itmə səbəblərinin öyrənilməsi əsas prioritetlərdəndir.
Səfər çərçivəsində təşkilatın nəzdində fəaliyyət göstərən Herbarium və Fungariumla tanışlıq və gələcək əməkdaşlıq imkanları barədə ilkin danışıqlar aparılıb. Həmçinin Kral Botanika Bağına səyahət zamanı onların təcrübəsinə aid bəzi detalların gələcəkdə ölkəmizdə həyata keçirilməsi vacib hesab edilib.