Arxiv
Botanika İnstutunda yeni monoqrafiyanın təqdimatı keçirilib
28.11.2023

AR ETN Botanika İnstutunda Elmi Şuranın növbəti iclasında mərhum biofizik alim, biologiya üzrə fəlsəfə doktoru Arifə Bağırovanın monoqrafiyasının təqdimatı keçirilib.

Təqdimat mərasimini Botanika İnstitutunun baş direktoru b.e.d., professor Səyyarə İbadullayeva açaraq, A. Bağırovanın elmi fəaliyyətindən, biofizika elminin inkişafındakı xidmətlərindən danışıb. Professor bildirib ki, Arifə xanım Bakı Dövlət Universitetini bitirdikdən sonra 1980-cı ildə aspiranturaya daxil olmuşdur. 1991-ci ildə AMEA-nın müxbir üzvü Xəlil Qasımovun rəhbərliyi ilə  “biofizika” ixtisası üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya işini müdafiə etmişdir. O, 1991-ci ildən ömrünün sonuna qədər Botanika İnstitutunda çalışmışdır. Alimin, əksəriyyəti nüfuzlu beynəlxalq jurnallarda öz əksini tapdığı 100-ə yaxın elmi əsəri nəşr olunmuşdur. A.Bağırova doktorluq dissertasiyasını müdafiyəyə təqdim etsə də təssüf ki, 2022-ci ildə onun vaxtsız ölümü doktorluq dərəcəsini almağına imkan verməmişdir.

İbadullayeva A.Bağırovanın dissertasiya işinin monoqrafiya şəklində çap olunmasını Botanika İnstitutunun Elmi Şurasının qərarı ilə həyata keçdiyini vurğulayıb. Monoqrafiyanın membran vasitəsilə ionların və üzvü maddələrin seçici keçiricilik mexanizmlərinin tədqiqinə, membran texnologiyalarının nəzəri əsaslarının işlənib hazırlanmasına və membran funksiyalarının qarşılıqlı əlaqələrinin öyrənilməsinə həsr oluduğunu qeyd edərək, kitabın biofizika sahəsi üzrə çalışan tədqiqatçılar üçün faydalı olacağını diqqətə çatdırıb.

Daha sonra tədbirdə b.ü.f.d. dosent Gulnar Sultanova çıxış edərək alimlə bağlı xatirələrini bölüşüb.

Tədbirdə həmçinin alimin oğlu Pərviz Bağırzadə çıxış edərək, anası ilə bağlı xatirələrini bölüşüb, tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.

Sonda Arifə Bağırovaya həsr olunan video-çarx nümayiş olunub.