Arxiv
Botanika İnstitutunun Müdafiə şurasında Coşğun Məmmədovun b.ü.f.d. dissertasiya işinin müdafiəsi keçirilib
15.12.2023

Dekabrın 15-də AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında Naxçıvan Dövlət Universitetinin dissertantı Coşğun İsrafil oğlu Məmmədovun  2432.01 – "Bioloji ehtiyatlar" ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün “Şəki - Zaqatala bölgəsində armud bitkisinin xalq seleksiyası nümunələrinin və onların yabanı əcdadlarının toplanması, tədqiqi və istifadəsi” mövzusunda təqdim etdiyi dissertasiya işinin müdafiə iclası keçirilib.

Dissertasiya işi biologiya üzrə fəlsəfə doktoru, dosent Dilşad Bayram qızı Bayramovanın rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri biologiya elmləri doktoru, dosent Ədilə Ələsgərova, biologiya elmleri doktoru, dosent Ənvər İbrahimov, aqrar elmlər üzrə fəlsəfə doktoru, dosent Afiq Məmmədovdur.

Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.

İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib. Tədqiqatın elmi yeniliyi kimi göstərib ki, Şəki-Zaqatala bölgəsində 3210 armud bitkisi üzərində araşdırmalar aparılmış, onlardan 25 yeni sort-forma seçilərək tədqiqat işləri davam etdirilmişdir. Bölgənin torpaq-iqlim şəraitində abiotik, biotik stress amillərinə qarşı dözümlülüyü ilə digərlərindən üstün olan və hal-hazıradək kompleks halda öyrənilməmiş qalan, itmək təhlükəsi altında olan xalq seleksiyası yolu ilə yaradılmış armud bitkisinin sort-forma müxtəlifliyi araşdırılaraq tədqiqat işinə cəlb olunmuş, genotipləri üzərində biomorfoloji tədqiqatlar aparılması nəticəsində nümunələr arasındakı mövcud polimorfizm aşkar edilmişdir.İlk dəfə olaraq tədqiq olunan sort-formaların aşkar olma yerlərinin üç ölçülü məkan göstəriciləri və dəniz səviyyəsinə görə yüksəklikləri qeyd edilmişdir. Genofond təcrübə sahəsində ilk dəfə olaraq xalq seleksiyasına aid armudun 32 sort-forma və yabanı 6 növlərinin hər birindən 3 nömrə olmaqla kolleksiya bağı salınmışdır.

Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.

Gizli səsvermənin nəticələrinə əsasən, Coşğun Məmmədovun biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.