Dekabrın 21-də AMEA-nın Əsas binasında görkəmli botanik alim, istedadlı pedaqoq və elm təşkilatçısı, “Şərəf nişanı” və “Şöhrət” ordenləri laureatı, akademik Vahid Hacıyevin 95 illiyinə həsr olunan tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları II Fəxri xiyabanda görkəmli alimin əziz xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.
Sonra iştirakçılar foyedə akademik Vahid Hacıyevin elmi və elmi-təşkilati fəaliyyətini əks etdirən sərgi ilə tanış olublar.
Yubiley tədbirində çıxış edən AMEA prezidenti akademik İsa Həbibbəyli Ümummilli Lider Heydər Əliyev epoxasının görkəmli elmi simaların yubileylərinin qeyd olunmasının “Heydər Əliyev İli”nin əlamətdar hadisələrindən olduğunu vurğulayıb.
Akademik İsa Həbibbəyli qeyd edib ki, Ulu Öndərin cəmiyyət həyatının ən müxtəlif sahələrində, o cümlədən elm sahəsində apardığı siyasət, AMEA-ya göstərdiyi böyük dəstək Azərbaycanda elmi məktəblərin yaranmasına, elm fədailərinin yetişməsinə səbəb olmuş və elmimizin gələcək inkişafına zəmin yaratmışdır.
AMEA rəhbəri akademik Vahid Hacıyevin də Heydər Əliyev epoxasının botanika sahəsində tanınmış alimlərindən olduğuna diqqət çəkərək, alimin 95 illik yubiley tədbirində əhəmiyyətli məruzələrin dinləniləcəyini bildirib.
“Hesab edirəm ki, akademik Vahid Hacıyev Azərbaycanda botanika elminin geobotanika istiqamətinin ən böyük yaradıcılarından və bu sahədə məktəb yaratmış görkəmli alimlərdən biridir”, - akademik İsa Həbibbəyli deyib.
O, alimin geobotanika sahəsində səmərəli xidmətlərindən danışaraq Vahid Hacıyevin bu sahənin nəzəri istiqamətinə dərindən bələd olmaqla yanaşı, praktiki tərəflərinə də yiyələndiyini vurğulayıb, botanik alimin bu gün də öz aktuallığını qoruyub saxlayan, səhralaşma, iqlim dəyişikliyi ilə bağlı fundamental əsərlərinin həm də təcrübi əhəmiyyətə malik olduğunu deyib. Akademik İsa Həbibbəyli bildirib ki, Vahid Hacıyevin dəyərli irsindən, tədqiqatlarından, ideyalarından faydalanmaq həm dünya elminin, həm də müstəqil Azərbaycanda gedən proseslərin inkişafı baxımından böyük əhəmiyyətə malikdir.
AMEA prezidenti əlavə edib ki, işıqlı insan, parlaq şəxsiyyət, akademik Vahid Hacıyev Botanika İnstitutuna rəhbərlik etdiyi 20 il ərzində botanika elminin inkişafına böyük töhfələr vermiş, ömrünün sonunadək elmi tədqiqatlarla məşğul olmuşdur. Alimin elmi fəaliyyətinin dövlət tərəfindən də yüksək qiymətləndirildiyini deyən akademik İsa Həbibbəyli görkəmli alimin “Şərəf nişanı” ordeni ilə təltif olunduğunu, o cümlədən AMEA-nın Fəxri fərmanına layiq görüldüyünü diqqətə çatdırıb. Qeyd edib ki, Vahid Hacıyevin davamçıları bu gün də botanika elminin inkişafı istiqamətində uğurla fəaliyyət göstərməkdə davam edirlər.
Akademik İsa Həbibbəyli çıxışının sonunda Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə İkinci Qarabağ Müharibəsində qazanılan Zəfərlə Azərbaycanın əzəli torpaqları olan Qarabağda, Vahid Hacıyevin vətəni olan Şuşada tədqiqatların aparılması üçün imkanların yarandığını qeyd edib, bu ərazilərin bitki aləminin dərindən araşdırılmasının önəminə toxunub. O, Azərbaycan alimlərinin cənab Prezident İlham Əliyevin apardığı siyasəti birmənalı olaraq dəstəklədiklərini diqqətə çatdırıb.
Tədbirdə çıxış edən AMEA-nın vitse-prezidenti akademik İradə Hüseynova görkəmli alimin ölkəmizdə botanika elminin inkişafındakı xidmətlərindən danışıb.
AMEA Rəyasət Heyəti tərəfindən 13 mart 2023-cü il tarixində akademik Vahid Hacıyevin 95 illik yubileyinin keçirilməsinə dair müvafiq qərarın qəbul edildiyini söyləyən vitse-prezident bugünkü tədbirin həmin qərarın həyata keçməsinin göstəricisi olduğunu bildirib. O, tədbirin AMEA Biologiya və Tibb Elmləri Bölməsinin və Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun birgə təşkilatçılığı ilə keçirildiyini diqqətə çatdırıb.
Akademik İradə Hüseynova bu il botanik və zooloq alimlərin birgə səyi ilə Azərbaycan Respublikasının “Qırmızı kitab”ının ictimaiyyətə təqdim olunmasını “Heydər Əliyev İli”nə ən layiqli və mühüm töhfə kimi dəyərləndirib. Bu nəşrin ərsəyə gəlməsində mərhum akademik Vahid Hacıyevin botanika sahəsindəki tədqiqatlarının əhəmiyyətini qeyd edib.
Görkəmli alimlə tanışlığının 1987-ci ilə təsadüf etdiyini deyən akademik İradə Hüseynova onun tərifəlayiq xüsusiyyətlərə və yüksək insani keyfiyyətlərə malik şəxsiyyət olduğunu vurğulayıb. Bildirib ki, akademik Vahid Hacıyev sənətinə, elmə hər zaman bağlı alim olub və gənc tədqiqatçıdan akademikliyədək şərəfli bir yol keçib.
Vahid Hacıyevin 24 yaşında namizədlik, 38 yaşında doktorluq dissertasiyalarını müdafiə etdiyini söyləyən vitse-prezident onun 1970-ci ildə professor elmi adını aldığını, 1983-cü ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü, 1989-cu ildə isə həqiqi üzvü seçildiyini qeyd edib.
Akademik İradə Hüseynovanın sözlərinə görə, Azərbaycanda geobotanika məktəbinin yaradıcısı olan Vahid Hacıyev elmi fəaliyyətinə 1949-cu ildə AMEA-nın Botanika İnstitutunda başlayıb və ömrünün sonunadək bu qurumda müxtəlif vəzifələrdə çalışıb. O, iyirmi ildən artıq müddətdə Botanika İnstitutuna rəhbərlik edib, elmi müəssisənin maddi-texniki bazasının möhkəmləndirilməsində və kadr potensialının inkişafında böyük xidmətlər göstərib.
“Akademik Vahid Hacıyev uzun illər Böyük və Kiçik Qafqazın, eləcə də Azərbaycanın yüksək dağ çəmənlərində geobotaniki tədqiqatlar aparıb”, - deyən vitse-prezident vurğulayıb ki, o, floranın sistematikası, bitki örtüyünün, faydalı bitki ehtiyatlarının, nadir və nəsli kəsilməkdə olan bitki növlərinin öyrə-nilməsi problemlərinə xüsusi diqqət ayırıb. Diqqətə çatdırılıb ki, görkəmli alim iki dəfə “Azərbaycanın bitki örtüyü” xəritələrini tərtib edib, ilk dəfə yüksək dağ çəmənlərinin bitki örtüyünü rayonlaşdırıb və assosiasiya səviyyəsində təsnifatını verib.
Vitse-prezident öz dərin biliyini və zəngin təcrübəsini gələcək nəsillərə ötürməyi bacaran akademik Vahid Hacıyevin böyük elmi məktəb yaratdığını, yetirmələrinin bu gün onun yolunu uğurla davam etdirdiyini bildirib.
Daha sonra botanik alim Vahid Hacıyevə həsr olunan film nümayiş etdirilib.
Botanika İnstitutunun direktoru professor Səyyarə İbadullayeva Vahid Hacıyevin elmi, elmi-təşkilati və pedaqoji fəaliyyətindən danışıb. Səyyarə İbadullayeva qeyd edib ki, görkəmli akademik Azərbaycanın elmi əlaqələrinin beynəlxalq səviyyədə möhkəmləndirilməsində, botanika elmimizin dünyada təbliğ və təmsil olunmasında mühüm xidmətlər göstərib. Onun tədqiqatları 350-dən artıq məqalədə və 12 monoqrafiyada öz əksini tapıb. Vahid Hacıyevin elmi fəaliyyəti hər zaman dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Alim müxtəlif illərdə bir sıra orden və medallarla təltif olunub, beynəlxalq elmi təşkilatların mükafatlarına layiq görülüb.
Tədbirdə Bakı Dövlət Universitetinin kafedra müdiri AMEA-nın müxbir üzvü Elşad Qurbanov, Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun laboratoriya müdiri AMEA-nın müxbir üzvü İbrahim Əzizov, Genetik Ehtiyatlar İnstitutunun direktoru AMEA-nın müxbir üzvü Zeynal Əkpərov, AMEA-nın vitse-prezidenti xidmətinin elmi katibi biologiya elmləri doktoru Tubuxanım Qasımzadə və digərləri çıxış edərək alimlə bağlı xatirələrini bölüşüblər. Qeyd olunub ki, botanika elminin inkişafına mühüm töhfələr vermiş Vahid Hacıyevin əziz xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq. Çıxış edənlər əslən Şuşadan olan akademik Vahid Hacıyevin böyüyüb boya başa çatdığı Şuşa şəhərində üçrəngli Azərbaycan bayrağının qürurla dalğanlanması, şəhərin işğaldan azad olunması ilə ruhunun şad olduğunu bildiriblər.
Sonda akademik Vahid Hacıyevin ailə üzvləri adından çıxış edən oğlu, professor Rasim Hacıyev atasının xatirəsinə göstərilən hörmət və ehtirama görə tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.science.gov.az saytına istinad zəruridir.