Arxiv
Botanika İnstitutunun baş direktoru AMEA-nın Təşəkkürnaməsi ilə təltif edilib
22.12.2023

AMEA Rəyasət Heyətinin “Heydər Əliyev İli”nin yekunlarına həsr olunan “Əbədiyyətin əbədi ünvanı” mövzusunda genişləndirilmiş iclası keçirilib. Tədbirdə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AR Milli Məclisinin deputatları, AMEA-nın həqiqi və müxbir üzvləri, elmi müəssisə və təşkilatlarının direktorları, YAP ərazi partiya təşkilatının nümayəndələri və gənc alimləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli açaraq Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövləti və xalqı qarşısındakı tarixi xidmətlərindən danışıb. 

Tədbir çərçivəsində “Heydər Əliyev İli” çərçivəsində kitabları nəşr olunmuş müəlliflər AMEA-nın Təşəkkürnaməsi ilə təltif olunublar.

 AR ETN Botanika İnstitutunun baş direktoru, professor Səyyarə İbadullayeva Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli 3494 nömrəli Sərəncamı ilə əlaqədar Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin həyatı və fəaliyyətinin, zəngin siyasi irsinin, dövlətçilik ideyalarının tədqiqi və təbliği sahəsində xidmətlərinə görə Azərbaycan Milli Elmlər Akademiyasının Təşəkkürnaməsi ilə təltif edilib. Təşəkkürnaməni professora AMEA-nın prezidenti akademik İsa Həbibbəyli təqdim edib.

 

Botanika İnstitutunun kollektivi professor Səyyarə İbadullayevanı ürəkdən təbrik edir, uğurlarının davamını arzulayır.