Arxiv
Botanika İnstitutunun Müdafiə şurasında Ülkər Bayramovanın b.ü.f.d. dissertasiya işinin müdafiəsi keçirilib
28.12.2023

28 dekabr tarixində AR ETN Botanika İnstitutunun nəzdindəki ED 1.26 Dissertasiya şurasının iclasında Gəncə Dövlət Universitetinin dissertantı  Ülkər Vidadi qızı Bayramovanın “Kiçik Qafqazın şimal-şərq yarğanlarının flora və bitkiliyi” mövzusunda 2417.01 - “Botanika” ixtisasında biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiə iclası  keçirilib. Dissertasiya işi AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi, b.e.d., professor Vaqif Novruzovun rəhbərliyi altında yerinə yetirilib. İşin rəsmi opponentləri biologiya elmləri doktorları Aydın Əskərov və Elman İsgəndərli, biologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə Məmmədovadır.

Dissertasiya şurasının elmi katibi, biologiya üzrə fəlsəfə doktoru, dosent Nuri Mövsümova şəxsi işində olan sənədlərlə şura üzvlərini tanış etdikdən sonra söz iddiaçıya verilib.

İddiaçı mövzunun aktuallığı, tədqiqat işinin məqsədi, qarşıya qoyulmuş vəzifələr və onların həlli yolları haqqında ətraflı məlumat verib, dissertasiya işinin əsas müddəalarını şərh edib. Tədqiqatın elmi yeniliyi ilk dəfə olaraq Kiçik Qafqazın şimal- şərqinin yarğan florasının bioloji müxtəlifliyinin 47 fəsilə 177 cins və 345 növdən ibarət olması aşkar edilmişdir. Tədqiqat ərazisinin yarğan əmələgəlmə anlayışını formalaşdırmaq üçün metodikalar işlənib hazırlanmş, müxtəlif şəraitdə yarğanların inkişaf tendesiyası müəyyən edilmişdir. İlk dəfə olaraq yarğan bitkiliyinin müasir təsnifatı verilmiş, invaziv növlərin yarğan florasında yeri və mövqeyi dəqiqləşdirilmiş, yarğanların bitki örtüyündən istifadə olunması və mühafizəsinin elmi-təcrübi əsasları işlənib hazırlanmışdir. Yarğanların əsasında xəritə-sxem tərtib olunmuşdur.

Sonra dissertasiya ətrafında geniş müzakirələr aparılıb, iddiaçı şura üzvlərinin suallarını cavablandırıb, opponentlərin tövsiyə və iradlarına münasibətini bildirib.

Gizli səsvermənin nəticələrinə əsasən, Ülkər Bayramova biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinin verilməsi ilə əlaqədar AR Prezidenti yanında Ali Attestasiya Komissiyasının qarşısında vəsatət qaldırılması barədə qərar qəbul edilib.