Arxiv
Zaqatala və Balakən rayonlarının meşə massivlərində geobotaniki tədqiqatlar aparılıb
24.07.2024

AR Elm və Təhsil Nazirliyi Botanika İnstitutunun Geobotanika şöbəsinin əməkdaşları Azərbaycanın şimal-qərbində dəniz səviyyəsindən 200-1070 m hündürlükdə yerləşən Balakən, Zaqatala və Qax inzibati rayonlarında olan meşə massivlərini tədqiq ediblər.      

Çöl tədqiqatları Zaqatala və Balakən rayonlarının Car, Maqov, Meşreş, Katex, Mahamalar, Tülü, Talalar, Qabaqçöl, Matsex, Qəbizdərə, Tarixlər, Micqar, Taxtalar, Yuxarı Çardaxlar, Muxax  kəndləri ətrafında aparılıb. Qeyd olunan ərazilərin meşə massivlərində yayılan bitkilərin siyahısı tərtib edilib, onların fitosenotik xüsusiyyətləri öyrənilib, fenoloji müşahidələr aparılıb, foto şəkilləri çəkilib, GPS koordinatları qeydə alınıb və herbari nümunələri götürülüb.

Ekspedisiya zamanı aparılan fenoloji müşahidələr göstərir ki,  Balakən və Zaqatala rayonlarının meşə massivlərində yayılan bitkilərin 5-i (6.94 %) - vegetasiya, 18-i (25.0%) - çiçəkləmə, 32-si (44.4%) – meyvəvermə, 17-si (23.6%) çiçəkləmə-meyvəvermə fazasındadır.

α- və β-müxtəlifliyini hesablamaq məqsədi ilə hər bir sınaq meydançasında (1x1m2) növlərin sayı hesablanıb. Marqalef və Şenonun indekslərini hesablanmaq üçün meydançalarda növlərin və hər bir növün fərdləri qeydə alınıb.

Tədqiq olunan meşə massivlərində edifikator və dominant bitkialtı torpaq nümunələri laborator analizlər üçün götürülmüşdür.